Evlənmək istəyənlərin icbari tibbi müayinəsi mexanizmi necə işləyir? – VİDEO
İyunun 1-dən Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələrilə bağli tələblər qüvvəyə minib.
Nigaha daxil olmaq istəyən şəxslər artıq məcburi olaraq tibbi müayinədən keçməlidir. Bu qanun ölkə prezidentinin 2014-cü il 15 aprel tarixində imzaladığı fərmana əsasən həyata keçirilir. Məhz bu məqsədlə artıq səhiyyə ocaqları hazır vəziyyətə gətirilib.
Hər bir rayonun ərazisində tibb müəssisələrindən birində nigaha girmək istəyənlər qandan analiz verməli olacaq. İlk gün olmasına baxmayaraq artıq Suraxını rayonu 24 saylı birləşmiş şəhər xəstəxanasına gələn gənclər də vardı. Onlar ilk olaraq həkimlərdən məsləhətlər alırdı.
Daha sonra hər iki şəxsin qanından analiz götürüldü. Yalnız bir neçə gündən sonra vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinə nəticələr barədə məlumat veriləcək.
Nigaha girmək istəyən Vasif Abdullayev məhz gələcəkdə doğulacaq uşaqlarda hər hansı bir problem yaşanması üçün verilən qərarın çox vacib bir qərar olduğunu deyir.
Məlumunuz olsun ki, gənclər vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinə müraciət edərkən onlardan qeydiyyatda olduqları rayon üzrə xəstəxanadan tibbi müayindən keçmələrinə dair arayış tələb olunur.
Ona görə də hər iki şəxsdən götürülmüş qan nümunələri Hematologiya və Qan Köçürmə İnistutuna göndərilir.
Yeni ailə qurmaq istəyən gənclərdən burada qan nümunələri götürülərək xüsusi çantaya qoyulur. Yalnız iki həftə sonra nəticələr gənclərin nəzərinə çatdırılır.
Nikaha daxil olmaq istəyən şəxslərin hər biri Talassemiya, QİÇS və siflisə görə tibbi müayinədən keçməlidirlər.
Xəstəxanın həkimi Sahibə Bəşirlinin dediyinə görə, gənclərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Ona görə də tibbi müayinədən sonra nikaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumat verilir.
Onlar həmçinin tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması baxımından da məlumatlandırılırlar.
“Yekun qərar isə onların özləri tərəfindən verilir. Evlənmək istədikləri təqdirdə onlar da yazılı şəkildə məlumat alınır. Bundan sonra onlara sağlamlıq haqqında tibbi arayış verilir”, – deyə həkim Sahibə Bəşirli bildirib.
Tibbi arayış nikaha daxil olmaq istəyən şəxslərə tibb müəssisəsinə müraciət etdikləri gündən iki həftədən gec olmayaraq verilməlidir.
Qeyd edək ki, veriləcək tibbi arayışın etibarlılıq müddəti bir aydır.
Mənbə:> ANSPRESS