Tibbi arayış olmadan nikah üçün ərizə qəbul edilməyəcək
Ailə Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi parlament Sosial siyasət, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasının gündəliyinə daxil edilib.
AZXEBER.COM xəbər verir ki, Ailə Məcəlləsinə “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi” adlı yeni redaksiyasada verilmiş 13-cü maddə əlavə edilir.
Layihədə qeyd olunur ki, nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçirlər. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış, yalnız müayinədən keçmə faktını təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin nəticəsini əks etdirmir.
Dəyişikliklərə əsasən, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış onların müvafiq icra hakimiyyəti orqanına nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunur.
Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onlardan tibbi müayinəsinin nəticələrini tələb edə bilməz.
Qanun layihəsində həmçinin qeyd olunur ki, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir.
Eyni zamanda nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanda immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
Mənbə:> Azxeber.com