Azad Cavadov: Müflis bankın aktivləri satılacaq
Bağlanan “Texnikabank”a aid “Alfa Sığorta” və “Kapital Menecment İnvestisiya Şirkəti”i satışa çıxarılacaq.
Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov Oxu.Az-a bildirib ki, bu prosedur qüvvədə olan qaydalara uyğun şəkildə aparılacaq:
“Müflis bankın bütün əmlakı və aktivləri satışa çıxarılmalı və əldə olunan vəsaitlər öhdəliklərin icrasına yönəldilməlidir. Biz də bu istiqamətdə həmin aktivlərin satışını planlaşdırırıq. Hər iki aktivin satılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının icazəsi tələb olunur. Bu icazə alındıqdan sonra aktivlər qiymətləndirilərək satılacaq”.
“Texnikabank”ın fəaliyyətini dayandırmasından sonra onun ümumi öhdəlikləri müəyyən edilib – bu, 325 milyon manatdır. Bu vəsaitə həm bankdakı əmanətlər, həm də digər fiziki və hüquqi şəxslər qarşısındakı öhdəliklər aiddir. İndiyədək ADİF bu bankın əmanətçilərinə ümumilikdə 119 milyon manat vəsait ödəyib.
Mənbə:> Oxu.Az