Kommunal ödənişlərə görə məhkəməyə şikayət etdi, 3541 manatını geri aldı
Tikinti şirkətləri tərəfindən bir mənzilin 2-3 nəfərə satılması, alıcıya rəsmi mədaxil orderinin verilməməsi və digər qanunsuz əməllərlə bağlı mətbuatda tez-tez məlumatlar verilir. Son aylar isə kommunal ödənişlərin şişirdilməsi ilə bağlı şikayətlər artıb. Kommunal ödənişlərin artıq hesablanmasından narazı olanlardan birinin şirkayətinə Yasamal Rayon Məhkəməsində baxılıb.
Bu barədə virtualaz.org saytına Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.
E.Hüseynovun sözlərinə görə, rəhbərlik etdiyi təşkilata Bakı şəhəri, Z.Xəlilov küçəsi, 92, mənzil 35 ünvanında yaşayan Nazlı Abdullayeva tərəfindən müraciət daxil olub. Şikayətçi “İnşaatçı” MMC-yə məxsus binadan 181.6 m2 sahəli mənzil aldığını, mənzilin satışı zamanı divarların yaşayış sahəsinə daxil edilməklə sahənin artıq göstərilməsi və bunun müqabilində ondan 981 dollar artıq pul alındığını, aylıq kommunal xərclərin heç bir əsas olmadan şişirdildiyini bildirib. Məlum olub ki, ev sahibindən ayda 45 manat əvəzinə 108 manat alınırmış: “Araşdırma zamanı mədaxil orderlərinin saxta olduğu məlum olub. Təşkilat şikayət əsasında məhkəməyə müraciət edib”.
Yasamal Rayon Məhkəməsi 3541 manat artıq alınmış kommunal ödənişin “İnşaatçı” MMC-dən alınaraq zərərçəkmişə ödənilməsi ilə bağlı qərar qəbul edib.
“Təəssüf ki, tikinti şirkətlərinin fəaliyyəti araşdırılmır, nəticədə onlarla vətəndaş zərər çəkir. Hər gün təşkilata mənzilin satışı zamanı külli miqdarda pul alınsa da əhaliyə rəsmi mədaxil orderinin verilməməsi, mənzili bir şəxsin adından digərinin adına rəsmiləşdirilməsi zamanı vətəndaşlardan əsassız olaraq 2000-6000 manat pul alınması ilə bağlı şikayətlər daxil olur. Divarların, balkonların yaşayış sahəsinə daxil edilməsi və vətəndaşlardan artıq pul alınması, təhvil verilməmiş binalara yalan vədlərlə əhalinin köçürülməsi və bu kimi digər problemlər də qalmaqdadır”, - deyə E.Hüseynov əlavə edib.
Mənbə:> Virtualaz.org