Rüşvət alan məmura 2 il həbs verildi
Virtualaz.org saytının məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən B.Bəşirov 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 117 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Bəşir Bəşirov “Ekspress servis” MMC-nin direktoru Rövşən Muradovla əlbir olaraq Bakı şəhər sakininə məxsus mənzilin özəlləşdirilməsi üçün tələb olunan sənədlərin verilməsi müqabilində vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətlərə görə ondan qeyd edilən cəmiyyətin ofisində 2000 manat məbləğində rüşvət alarkən cinayət başında yaxalanmışdı.
Baxış zamanı B. Bəşirovun üzərindən daha 2500 manat məbləğində pul aşkar edilərək götürülmüşdü.
B.Bəşirov və R.Muradov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdi.
İnarə Rafiqqızı
Mənbə:> Virtualaz.org