Ərdoğan Məhəmməd Əlinin dəfnində iştirakdan imtina etdi – VİDEO
Əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasiminə qatılmaq üçün ABŞ-ın Kentukki ştatına gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfərini yarımçıq qoyaraq Türkiyəyə qayıtmaq qərarına gəlib.
Oxu.Az “Hürriyet”ə istinadən xəbər verir ki, Ərdoğan iyunun 9-da Luisvill şəhərində keçirilən cənazə namazına qatılıb.
Türkiyə prezidentinin bu gün keçiriləcək dəfn mərasimində iştirakı nəzərdə tutulmuşdu. Amma Ərdoğan cənazə namazından sonra fikrini dəyişib və Luisvilldə Ahıska türklərinin verdiyi iftar yeməyində iştirak etdikdən sonra Türkiyəyə qayıtmağı qərara alıb.
Prezidentin qərarının səbəbləri barədə rəsmi açıqlama verilməyib.
Müxalifyönlü “Sözçü” qəzetinin xəbərinə görə, Ərdoğanın Məhəmməd Əlinin tabutuna Kəbədən gətirilən örtük qoymaq istəyini mərasimin təşkilatçıları müsbət qarşılamayıblar və “biz özümüz sonra qoyarıq”, - cavabını veriblər.
Bundan başqa, Ərdoğanın mərasimdə Türkiyə dini işlər idarəsinin rəhbəri Mehmet Görməzin “Quran” oxumasını istədiyi, təşkilatçıların isə buna icazə vermədiyi bildirilir. Qəzetin iddiasına görə, Ərdoğan bu səbəblə Məhəmməd Əlinin dəfn mərasiminə qatılmadan vətənə dönmək qərarına gəlib.
Mənbə:> Oxu.Az