Əlinin cənazəsini Lennoks Lyuis və Uill Smit aparacaq
Ağır çəkidə sabiq mütləq çempion, britaniyalı Lennoks Lyuis və Hollivud aktyoru Uill Smit boks üzrə sabiq dünya çempionu Məhəmməd Əlinin dəfn mərasimində iştirak edəcəklər.
Oxu.Az “The Guardian”a istinadən xəbər verir ki, onlar idmançının tabutunu qohumları ilə bir yerdə aparacaqlar.
“Associated Press”in məlumatına görə, hələ 2010-cu ildə Əli dəfninin planını tərtib edib. O, dəfn mərasiminin ssenarisini qalınlığı iki düym olan (5 sm yaxın) “Kitab”a yazıb.
Onun arzusuna görə, boksçu ilə vidalaşmaq istəyən hər kəsin dəfnə gələ bilməsi üçün mərasim stadionda keçiriləcək. Tabut qəbiristanlığa Əlinin şərəfinə adlanan küçədən, eləcə də idmançının adını daşıdığı muzeyin qarşısından keçirilərək aparılacaq. Bundan başqa, boksçu meyitinin məhz böyüdüyü kvartaldan keçirilərək aparılmasını istəmişdi.
Boksçunun dəfn mərasimi iyunun 10-da Kentukki ştatında Luisvilldə keçiriləcək. Dəfn internetdə canlı yayımlanacaq. Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Amerikanın sabiq lideri Bill Klinton, eləcə də aktyor Billi Kristal iştirak edəcəklər.
Mənbə:> Oxu.Az