Nazir Siyəzənə getdi, yaralılar Bakıya gətirilir
Səhiyyə naziri Oqtay Şirəliyev tələbə və müəllimləri daşıyan avtobus qəzası ilə bağlı Siyəzən rayonuna gedib.
AzNews.info Report-a istinadən xəbər verir ki, nazir hazırda Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzindədir.
Mərkəzin baş həkimi Dadaş Hümbətov nazirə xəstələrin vəziyyəti barədə son məlumatları verib.
Nazirlə birgə rayona Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının maşınları da gəlib. Xəstələrin Bakıya aparılması gözlənilir.
Avtobus qəzası nəticəsində yaralanan və Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən 9 nəfər xəstə Bakıya gətiriləcək.
Qeyd edək ki, dünən Xızı rayonunun Altıağac qəsəbəsində Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin tələbə-müəllim heyətini daşıyan avtobus qəzaya uğrayıb. Qəza nəticəsində 3 nəfər ölüb, 21-i yaralanıb.
Mənbə:> Report.az