Mədəniyyət və Turizm Nazirliyi "Bakı Simaları" adlı foto-müsabiqə elan edir » AzNews.info -Xəbər portalı

Mədəniyyət və Turizm Nazirliyi "Bakı Simaları" adlı foto-müsabiqə elan edir

Mədəniyyət və Turizm Nazirliyi "Bakı Simaları" adlı foto-müsabiqə elan edir


Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli, 1334 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2016-cı ilin 25 – 27 aprel tarixində Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcəkdir.
AzNews.info-ya nazirlikdən verilən məlumata görə, sözügedən forumun keçirilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi Bakının mədəni müxtəliflik və tolerantlıq məkanı olmasını əks etdirən foto sərgi təşkil etməyi planlaşdırır. Sərgidə Bakıda yaşayan və şəhərin qonaqları olan müxtəlif millətlərin nümayəndələrinin fotoportretlərin və onlar haqqında qısa məlumatın təqdim olunması nəzərdə tutulur. Məlumatda fotoportret qəhrəmanlarının Bakıya gəlmə tarixçələri, hazırda nə işlə məşğul olduqları və bu şəhər haqqında təəssüratları əks olunmalıdır.

Tədbirlə əlaqədar açıq müsabiqə elan olunur və ustad peşəkarlar ilə yanaşı gənc və həvəskar fotoqraflar da iştirak etməyə dəvət olunur.

Qaydalar

Hər bir müəllifdən ən çoxu 5 foto təqdim oluna bilər. Çəkilişlər müsabiqənin elan olunduğu dövrdən etibarən edilməlidir, lakin son bir ildə çəkilmiş və mövzuya uyğun olan fotolar da qəbul edilə bilər. Müsabiqəyə göndərilən fotolar .jpeg formatında, uzun tərəfi 1500 px olmalıdır. Sərgi üçün seçildiyi halda .tiff və ya .raw formatlarından birində təqdim olunmalıdır. Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirilməməlidir. Fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamalıdır, yalnız real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunmalıdır. Təqdim olunmuş fotolar 1-ci mərhələ üçün kodlaşdırılıb münsiflərə təqdim olunacaq.

İştirakçilardan fotolar ilə yanaşı əlaqə vasitələri (telefon, e-mail) və özləri haqqında qısa məlumatı museum@museumcenter.az ünvanına göndərilməsi xahiş olunur. Müsabiqənin birinci mərhələsi sərgi üçün fotoların 5 nəfərdən ibarət münsiflər heyəti (Azərbaycan Fotoqraflar İttifaqının sədri Mirnaib Həsənoğlu, “Art Faktor” fotoagentiliyinin müdiri Asiyat Fətullayeva, Mədəniyyət və Turizm Nazirlyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, fotoqraf Sitarə İbrahimova, mədəni siyasət üzrə ekspert və sənətşünas Cahangir Səlimxanov) tərəfindən seçilməsindən ibarətdir. Əsərlər böyük formatda (təxminən 1.80m x 1.40m ölçülərində) çap olunaraq, Bakının möhtəşəm ictimai məkanlarından birində 3000 əcnəbi qonaq qarşısında nümayiş olunacaqdır. Sərgidə iştirak edən hər bir fotoşəkil üçün onun müəllifinə 100 AZN həcmində məbləğ ödəniləcək və xüsusi sertifikat təqdim olunacaqdır. Sərgi üçün seçilmiş əsərlər mənfəət güdməyən məqsədlərlə (müxtəlif KİV-də göstərilməsi, kataloq yaxud kitab şəklində çapı və s.) təşkilatçı tərəfindən istifadə olunmağa müəlliflərin qəti və birmənalı razılığı müsabiqədə iştirakın şərtidir.

Yekunda Forumun qonaqları arasında aparılan səsvermə nəticəsində müsabiqənin üç qalibi müəyyən olunaraq mükafat və qiymətli hədiyyə ilə təltif ediləcəkdir.


Birinci yer üçün mükafat – Canon Macro Ring Lite MR-14EX II Flash (1000 manat dəyərində)

İkinci yer üçün mükafat – Fotokamera GoPro HERO 4 Silver (750 manat dəyərində)

Üçüncü yer üçün mükafat – Planşet “Surface Windows RT” ( 500 manat dəyərində)

Ərizələrin təqdim edilməsi üçün son tarix - 1 aprel 2016-cı il.

Əlaqə:
Muzey Mərkəzi

Telefon: +994 12 493 58 83
Faks/tel: +994 12 493 72 87
E-mail: museum@museumcenter.az
www.museumcenter.az
İş saatı: Bazar günü istisna olmaqla hər gün saat 10.00-18.00
Məsul şəxs: Samirə Nuriyeva, Sərgi Qalereyası ekspozisiyasının müdiri

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *