"Həvəskardan peşəkara doğru" təlimləri yekunlaşdı – FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyinin, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə tərəfdaşlığı ilə "Həvəskardan peşəkara doğru" adlı layihəsi çərçivəsində keçirilən təlimlər başa çatıb.
AzNews.info xəbər verir ki, təlimlərdə 30-dan çox həvəskar rejissor və operatorlara 1966-ci ildən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətində çalışan, Azərbaycan Kinomotoqrafçılar Birliyinin və Azərbaycan Kinorejissor Gildiyası Bürosunun üzvü, xalq artisti Ramiz Həsənoğlu, Beynəlxalq "MİR", AzTv, "ABA" Teleşirkətində müxtəlif televerilişlərin rejissoru kimi çalışmış Aqil M.Quliyev, Toy, Ailəm, Qonşular, Bacanaqlar və Qız atası filimlərinin rejissoru Ramin Hacıyev və musiqili video işləri ilə Azərbaycanda məşhurlaşmış Kənan M.M kimi ixtisaslaşmış rejissorlar 4 gün ərzində davam edən təlimlərdə rejissor və operator sənətinin incəliklərindən bəhs ediblər.
Növbəti mərhələdə ustad dərsləri keçmiş gənclər “uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunmasına çağırış” mövzusunda qısametrajlı filmlər çəkib sosial şəbəkələrdə yerləşdirəcək və videolar arasında onlara baxış sayına görə müsabiqə elan olunacaq. Müsabiqə qalibləri həvəsləndirici diplom və hədiyyələrlə təltif olunacaq.
Qeyd edək ki, Azərbaycan Gənclər Fondunun 7-ci qrant müsabiqəsinin qalibi olan layihənin məqsədi uşaq, yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin aşılanmasından, cəmiyyətdə uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunmasının formalaşdırılmasından və həvəskar rejisor operatorları stumullaşdıraraq gənc istedadların üzə çıxarılmasından ibarətdir.
Mənbə:> AzNews.info