Ramiz Həsənoğlu gənc rejissorlarla görüşdü – FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyinin, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə tərəfdaşlığı ilə "Həvəskardan peşəkara doğru" adlı layihəsi çərçivəsində təlimlərin ikinci günü yekunlaşıb.
AzNews.info xəbər verir ki, bu dəfə gənc rejissorların qonağı Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlu olub. Kinomatoqrafiyanın sirrlərindən danışan rejissor gənclərə öz məsləhət və tövsiyələrini verib, onların suallarını cavablandırıb.
Sonda xatirə şəkli çəkilib.
Qeyd edək ki, Ramiz Həsənoğlu 1946-cı ildə İrəvan şəhərində dünyaya göz açıb. Anası Azərbaycan milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan, əməkdar artist Ətayə Əliyeva, atası əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir.
R.Həsənoğlu 200-dən artıq müxtəlif səpkili bədii, sənədli, musiqili proqramlara quruluş verib. O, eyni zamanda Musiqili Komediya Teatrında "Məzəli əhvalat" və Milli Akademik Dram Teatrında "Brüsseldən məktublar" tamaşalarına da quruluş vermişdir. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi "Ailə" bədii filmi 2000-ci ildə Moskvada keçirilən Avrasiya festivalının baş mükafatına layiq görülmüşdür. 2007-ci ildə Anarın ssenarisi əsasında "Cavid ömrü" bədii, tammetrajlı film çəkmişdir.
1993-cü ildən bu günə kimi Azərbaycan televiziyasında "Sabah" eksperimental yaradıcılıq emalatxanasına rəhbərlik edir.
Azərbaycan Kinematoqrafçılar Birliyi İdarə Heyətinin və Azərbaycan Kinorejissorlar Gildiyası bürosunun üzvüdür.
Mənbə:> AzNews.info