Oqtay Mirqasımovun filmi beynəlxalq kinoseftivalda qalib oldu
Oqtay Mirqasımovun "Qisas almadan ölmə. Keçmişdən məktublar" filmi X Kazan Beynəlxalq Müsəlman Kino Festivalında "Tammetrajlı bədii filmin ən yaxşı rejissor işi" nominasiyasında qalib olub.
Kinofestivalın bağlanış mərasimində qaliblərin adları açıqlanıb. Xorvatiyalı rejissorun "Həlimənin yolu" filmi "Ən yaxşı tammetrajlı bədii film" hesab edilib. "Tammetrajlı bədii filmin ən yaxşı rejissor işi" nominasiyasında rejissor Oqtay Mirqasımovun (Azərbaycan) "Qisas almadan ölmə. Keçmişdən məktublar" filmi və rejissor Salem Salavatinin (İran) "Keçən il qışda" filmləri qalib olublar.
Braziliyalı rejissor Marsio Kurinin "Son dayanacaq" filminin ssenarisi tammetrajlı bədii filmin ən yaxşı ssenarisi hesab edilib. Belarusdan olan rejissor Andrey Qrebenkinin "Babu" filmində çəkilən Tamara Mironova tammetrajlı bədii filmdə ən yaxşı qadın roluna görə mükafata layiq görülüb.
"Ən yaxşı tammetrajlı sənədli film" nominasiyasında İtaliya və Əfqanıstan kinematoqraflarının "Əfqanıstan 2014 - təfərrüatları ilə" filmi seçilib. Rejissor Sufian Berriçinin "Kaliforniyalı müsəlmanlar" filmi ən yaxşı qısametrajlı sənədli film nominasiyasında Fransaya mükafat qazandırıb.
Rejissor Faysal Soysalın (Türkiyə) "Dörd yol ayrıcında" filmi "TÜRKSOY" Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının xüsusi mükafatına layiq görülüb.
Rusiya kinoşünaslar və kino tənqidçiləri gildiyasının diplomu "Şəxsi yer" filminə ( rejissor Camal Əl-Qhaylan, Bəhreyn Krallığı) verilib.
Mənbə:> Buro247.Az