Akademik Milli Dram Teatrında xalq artisti Əliabbas Qədirovun 70 illik yubileyi münasibəti ilə xatirə tədbiri keçirilib
Akademik Milli Dram Teatrında xalq artisti Əliabbas Qədirovun 70 illik yubileyi münasibəti ilə xatirə tədbiri keçirilib. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət, aktyorun ailə üzvləri, teatr xadimləri iştirak edib.
AzNews.info xəbər verir ki, Ə. Qədirov haqqında xatirələrini bölüşən Azər Paşa Nemət onun Azərbaycan teatrındakı yerindən, milli teatrımızın inkişafındakı xidmətlərindən söz açıb.
Xatirə tədbirinin aparıcıları - xalq artistləri Məleykə Əsədova, Laləzar Mustafayeva, əməkdar artistlər Sabir Məmmədov, Elşən Cəbrayılov Ə. Qədirov həyat və yaradıcılığına nəzər salıb, onun iştirak etdiyi filmlər və teatr tamaşaları haqqında danışıblar.
Xatirə mərasimində İlqar Muradov, Aygün Bəylər, Mətanət İsgəndərli müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.
Qeyd edək ki, Əliabbas Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.
Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının “Aydın” (Surxay), Hüseyn Cavidin “Azər”, Afanasi Salinskinin “Təbilçi qız” (Fyodr) əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb.
O, 1970-ci il aprel ayının 6-dan Milli Dram Teatrının aktyoru olub.
Ə. Qədirov 26 dekabr 2001-ci ildə teatrın bədii rəhbəri və direktoru təyin edilib.
Görkəmli sənətkar 2006-cı ildə Bakıda dünyasını dəyişib.
Mənbə:> AzNews.info