Kənan M.M: "Yerli telekanallar 2 il məni rədd etdilər" – FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyinin, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə tərəfdaşlığı ilə "Həvəskardan peşəkara doğru" adlı layihəyə start verildi.
AzNews.info xəbər verir ki, layihənin məqsədi uşaq, yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin aşılanmasından, cəmiyyətdə uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunmasının formalaşdırılmasından və həvəskar rejisor operatorları stumullaşdıraraq gənc istedadların üzə çıxarılmasından ibarətdir.
Layihə çərçivəsində 20 nəfər həvəskar rejissor və operatora 1966-ci ildən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətində çalışan, Azərbaycan Kinomotoqrafçılar Birliyinin və Azərbaycan Kinorejissor Gildiyası Bürosunun üzvü, xalq artisti Ramiz Həsənoğlu, Beynəlxalq "MİR", AzTv, "ABA" Teleşirkətində müxtəlif televerilişlərin rejissoru kimi çalışmış, musiqili video işləri ilə Azərbaycanda məşhurlaşmış Aqil M. Quliyev və Kənan M.M kimi ixtisaslaşmış rejissorlar tərəfindən 4 gün müddətində təlimlər keçiriləcək.
Bugün layihənin açılış mərasimi oldu və təlimlərə start verildi. Layihənin rəhbəri Tural Əliyev bütün təlim iştirakçını salamlayaraq sözü ilk təlimçi Kənan M.M-ə (Mahmudov) verdi. AzNews.info xəbər verir ki, təlimçilərlə kinorejissorluq və aktyorluq sənətinin sirrlərini bölüşən Kənan M.M öz səmimi söhbətləri ilə marağa səbəb oldu. Belə ki, uşaqlıq illərindən danışan Kənan, bundan öncə mediaya açıqlamadığı detalları təlim iştirakçıları ilə bölüşüb:
"Məktəb illəri idi. Müəllimə hamıdan böyüyüb nə olmaq istədiyini soruşdu. Oğlanların çoxu pilot, milis, prokuror, qızların isə böyük qismi həkim olmaq istədikləri barədə şablon cavablar verdilər. Eyni suala "Mən artist olacam" kimi cavab verdikdə uşaqların çoxu mənə güldülər. Mən ağladım, pərt oldum. Münəvvər müəlliməmiz gəldi, əlini çiynimə qoyub dedi: "Mən inanıram, sən artist olacaqsan".
Mən, Naxçıvanda televiziyanın yanında qalırdım. Biz bayırda futbol oynayırdıq, televiziyanın diktoru gözümün qabağından keçib televiziyaya gedirdi. Mən evə gedib su içəndə, onu - bir neçə dəqiqə öncə bayırda gördüyüm insanı televizorda görürdüm. Beləliklə, uşaqlıqdan başladı məndə televiziyaya, efirə maraq yarandı. Səkkizinci sinifdə oxuyanda, Kokteyl qəzetindən İncəsənət Universitetinin ünvanını tapıb, ora məktub yazdım. Uşaq ağlı ilə yazdığım məktubda türklər demişkən "saçmalamışdım". O vaxt, "Kirli üz" serialının atmosferinə düşərək "Məni universitetə qəbul edin. Mən məşhur olacam. Kinolar, seriallar çəkəcəm" kimi sözlər yazıb məktubu göndərmişdim. İllər sonra universitetə qəbul oldum, daha sonra hərbi xidmətə yollandım. Hərbi xidmətimi başa çatdırdıqdan sonra diplomumu almaq üçün universitetə gedəndə diplomun arasında bu məktubu da mənə qaytardılar. İndiyənədək də, o məktub, evimin bir köşəsində durur."
Daha sonra, Kənan M.M əsgərlikdən sonra, 2 il yerli telekanallar tərəfindən rədd edilməsindən danışaraq, gənc rejissorlara özlərinə sonadək güvənməli və arzularının, xəyallarının ardı ilə getməli olduqlarını vurğulayıb.
Sonda, təlim iştirakçıları Kənan Mahmudovla xatirə şəkli çəkdiriblər.
Mənbə:> AzNews.info