Mədəniyyət və Turizm Nazirliyi ilə “Euronews” və “CNN” telekanalları arasında əməkdaşlıq davam etdirilir
Son bir neçə il ərzində Mədəniyyət və Turizm Nazirliyi dünyanın ən məşhur xəbər kanallarından olan “Euronews” və “CNN” kanalları ilə uğurlu əməkdaşlıq aparır. AzNews.info xəbər verir ki, təkcə Avropa ölkələri deyil, habelə Asiya, Afrika və Amerika ölkələri daxil olmaqla dünyanın 150 ölkəsində 300 milyondan çox auditoriyaya malik olan “Euronews” və “CNN” kanalları haqlı olaraq aparıcı beynəlxalq xəbər kanallarından hesab edilir.
Belə ki, 2016-cı il ərzində “CNN” kanalında müvafiq media plan üzrə ölkəmizin turizm potensialına dair reklam çarxlarının nümayişi, habelə CNNİnternational.com və CNN.com saytlarında müvafiq elektron banner kampaniyalarının təşkil olunması nəzərdə tutulur.
Bununla yanaşı, “Euronews” kanalında reklam çarxlarının nümayişi ilə “Postcards”, “Le Mag” və “Focus” proqramlarında müvafiq media plan üzrə ölkəmizin turizm potensialına dair xüsusi buraxılışların nümayişi, habelə Euronews.com saytında müvafiq elektron banner kampaniyalarının təşkil olunması planlaşdırılır.
Beləliklə, “Euronews” və “CNN” kanalları ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlığın əsas məqsədi təkcə Azərbaycan üçün kanalların auditoriyasını turist qismində cəlb etmək deyil, həmçinin xarici vətəndaşların ölkəmizin mədəniyyəti, beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycanın uğurları, hökumətin ictimaiyyətin bütün sferalarına, iqtisadi və mədəni həyatının inkişafına köklənmiş siyasəti ilə bağlı maarifləndirmə səviyyəsini artırmaqdır.
Mənbə:> AzNews.info