Yeni Turizm İnformasiya Mərkəzləri yaradıldı
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində daha altı Turizm İnformasiya Mərkəzi yaradılıb.
Oxu.Az-a bu barədə nazirlikdən məlumat verilib.
Nazirliyin məlumatına görə, mərkəzlərin əsas məqsədi regionda daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlərin bölgəyə cəlb olunması, onun fəaliyyəti nəticəsində informasiya texnologiyaları vasitəsi ilə ölkəmizin bu regionunun turizm potensialı haqqında bütün məlumatları dünyanın hər bir nöqtəsinə çatdırmaqdır.
Xüsusi saytlar vasitəsilə dünyanın hər bir yerindən insanlar bölgənin istənilən yerində özlərinə əvvəlcədən yer və müvafiq turizm xidmətləri sifariş verə bilərlər.
Qeyd edək ki, bununla ölkədəki Turizm İnformasiya Mərkəzlərinin sayı 15-ə çatıb. Yeni yaradılan mərkəzilər isə Qusar Turizm İnformasiya Mərkəzi, Qəbələ Turizm İnformasiya Mərkəzi, İsmayıllı Turizm İnformasiya Mərkəzi, Bərdə Turizm İnformasiya Mərkəzi, Şəmkir Turizm İnformasiya Mərkəzi və Mingəçevir Turizm İnformasiya Mərkəzidir.
Mənbə:> Oxu.az