Turizm eksperti: “Bu il daxili turizm xidmətlərindən istifadə edənlərin sayı 700 mindən artıq olacaq”
Artıq turizm mövsümü başlayır. Azərbaycanın bir-birindən mənzərəli guşələri az müddətdən sonra turistlərin xidmətində olacaq. Bu sahədə də insanları narahat edən bir sıra məsələlər var. İlk olaraq qiymətlərin baha olması, digər tərəfdən xidmətin çox da yüksək olmaması və sair məsələlər hələ də Azərbaycanda tam həllini tapa bilməyib.
"Millennium Turizm Konqres DMC” şirkətinin prezidenti Ruslan Quliyev Deyerler.org-a mövzu ilə bağlı fikirlərini bölüşərkən deyib ki, yaz-yay ayları turizm sahəsində fəal mövsüm hesab olunur: “Bu günlərdə Azərbaycanın turizm sektoru ilə bağlı keçirilən sərgi məhsuldarlığı ilə seçildi. Bu sərgidə 300-dən artıq şirkət, 42-dən artıq ölkə iştirak etdi. Sərgidə ilk dəfə olaraq sağlamlıq turizmi ilə bağlı müstəqil bir guşə var idi. Xarici ölkələrin nümayəndəliklərindən bir çox məsul şəxslər bu sərgiyə qatılmışdılar.
Bu il Azərbaycana xaricdən gələnlərin sayında əsaslı dəyişikliyin olmasını gözləyirik. Daxili bazarda ciddi problem müşahidə olunmur. Novruz bayramı onu göstərdi ki, camaat xaricə getməkdən daha çox regionlara meyl edir. Düşünürəm ki, bu il daxili turizm xidmətlərindən istifadə edənlərin sayı 700 mindən artıq olacaq”.
Mənbə:> Deyerler.org