Zaur Baxşəliyev məhkəməyə verildi
Məşhur teleaparıcı Zaur Baxşəliyev məhkəməyə verilib.
AzNews.info AzNews.az-a istinadən xəbər verir ki, İmişli rayon, Hacıalmuradlı kənd sakini Kamran Həşimov aparıcıya qarşı mənəvi təzminat iddiası ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib.
Məlumata görə, K.Həşimovun onu məhkəməyə verməsinə səbəb Z.Baxşəliyevin aparıcısı olduğu verilişlərdən birində aldadılmasıdır. Belə ki, həmin layihədə iştirak edən K.Həşimov sonda mənzil qazanıb.
Z.Baxşəliyev açarı ona təqdim etsə də, sonradan mənzilin verilməsindən imtina edilib. Belə olduğu halda K.Həşimov məhkəməyə üz tutub.
Aparıcı Z.Baxşəliyevin köməkçisi Faiq Ələkbərli AzNews.az-a açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib:
“Bizim bundan xəbərimiz yoxdur. Siz bizə məhkəməyə verilən iddia ərizəsini təqdim edin, sonra münasibət bildirək”.
Yasamal Rayon Məhkəməsi isə faktı təsdiqləyib. Hakim Rafael Əliyev bildirib ki, iddiaçı Həşimov Kamran İbiş oğlu Zaur Baxşəliyevdən pul tələb edir:
“Bu proses məndə idi. Amma həmin iş araşdırılıb baxılması üçün ATV kanalının nümayəndəsinin öz vəsatəti ilə aidiyyəti üzrə Səbael Rayon Məhkəməsinə göndərilib. Yaşlı kişidir, haradasa 80 yaşı olar. Aldadıldığını iddia edir və Zaur Baxşəliyevdən pul tələb edir”.
Məlumat üçün bildirək ki, anoloji hadisə ATV kanalında 2013-cü ildə də baş vermişdi.
Belə ki, kanalda nümayiş olunan və qalibi SMS-səsvermə ilə müəyyənləşdirilən “Şərq ulduzu” yarışmasında mükafat qismində Bakı şəhərində mənzil təqdim olunmalı idi. Yarışda 14 yaşlı Ayla Şiriyeva qalib gəlmişdi. Lakin söz verilən mənzil iştirakçıya verilməmişdi.
Mənbə:> AzNews.az