“Günəşli” neft yatağındakı yanğının bu ana olan görüntüləri – FOTO
“Günəşli” yatağının 10-cu platformasındakı yanğın güclü partlayışlarla müşayiət olunur.
Virtualaz.org saytının əldə etdiyi son məlumata görə, platformadakı neftçilərin təxliyə olunmasına başlanılıb. Neftçilər hər biri 10 nəfər tutumu olan rezin qayıqlara mindirilisə də onların platformadan aralanması mümkün deyil.
Qeyd edək ki, “28 may” Neft-Qaz Çıxarma İdarəsinə aid olan bu platforma SOCAR-a məxsusdur. Amma yatağın işlənməsi ilə BP şirkəti məşğul olur.
SOCAR da yanğınla bağlı məlumat yayıb. Şirkət bildirib ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.
İlk növbədə özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlərə başlanılıb. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır.
Buna baxmayaraq hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsilə təxliyə işləri həyata keçirilir.
Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb. Qərargahın əlaqə telefonları: +994 12 5211019; +994 50 2293521; +994 50 2457005.
Yanğını əks etdirən fotoları təqdim edirik.
Mənbə:> Virtualaz.org