Arvadı ilə intim əlaqədə olan şəxsi öldürən cəbrayıllının cəzası azaldı – FOTO
Bakı Apellyasiya Məhkəməsində Cəbrayıl rayon sakini Rahib Əliyevin (1977-ci il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz odlu silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az xəbər verir ki, bu il yanvarın 28-də Xızı rayonunda Rahib Əliyev “Makarov” markalı tapançadan atəş açmaqla rayon sakini Osman Şirinovu qətlə yetirib və sonra qayınatasının evində olan uşaqları ilə vidalaşıb könüllü RPŞ-nə təslim olub.
Hadisə ilə əlaqədar istintaq-əməliyyat qrupu müayinə apararaq gilizləri aşkar edib, qan nümunələri götürülməklə yanaşı şahidlər sorğu-sual edilib. İlkin dindirmə zamanı Əliyev göstərib ki, Şirinovu həyat yoldaşı ilə intim əlaqədə olduğuna görə öldürüb.
Məhkəmə prosesində Rahib Əliyev ittiham üzrə özünü qismən təqsirli hesab edib. O, 90-cı illərdə Cəbrayıl rayonu işğal olunandan sonra ailə üzvləri ilə Nərimanov rayonunda yataqxanada məskunlaşdığını, 2005-ci ildə Xızı rayon sakini Aytən Nəsirova ilə evləndiyini bildirib.
Yanvarın 24-də arvadı uşaqlarla ondan xəbərsiz rayona, atasının evinə gedib və bir gündən sonra övladlarını orada qoyaraq Bakıda yaşayan xalasının evinə gələrək, bu barədə heç kimə deməməsini xahiş edib. Həmin gün onun atası qızının axtarışına başlayıb və Rahibə zəng edərək, Aytənin heç nə demədən evdən çıxıb, getməsini bildirib. Bu ərəfədə Rahibin qonşusu Ceyhun Məmmədov ona arvadı ilə bağlı maraqlı bir əhvalat danışıb. Belə ki, ötən ilin yayında o neft daşlarında işdə olarkən onların mənzilində naməlum şəxs gecələyib.
Səhər gedəndə isə, o həmin adamın qarşısını kəsərək kimliyi ilə maraqlanıb və bu mənzildə nə elədiyini soruşub. Cavabında sonuncu bunun şəxsi işi olduğunu bildirib, aralarında sözlü mübahisə yaranıb, həmin an digər qonşusu Mənsur həmin şəxsi telefonuna çəkib. Danışıq əsnasında həmin şəxs Xızıdan olduğunu deyib, Ceyhun isə onu xəbərdar edib ki, o bir də bu ərazidə görsənsə həmin görüntü qadının ərinə veriləcək. Həmin vaxtdan o bu haqda Rahibə danışmaqdan çəkinib və buna görə ondan üzr istəyib.
Rahib Əliyevin təkidi ilə Ceyhun Məmmədov telefondakı görüntünü ona göstərib. Həmin gün Rahib Qarabağ münaqişəsi vaxtından gətirdiyi və evdə saxladığı tapançanı götürüb qayınatasının evinə yollanıb. Sonuncuya telefonuna köçürdüyü naməlum şəxsin görüntüsünü göstərməklə, onun namusuna toxunduğunu bildirib, yaxın adamların köməkliyi ilə Rahib müəyyən edib ki, həmin şəxs rayon sakini Osman Şirinovdur.
Səhərisi gün heç kimə heç nə demədən o evdən çıxıb və mərkəzi bazarın yanında ticarətlə məşğul olan Şirinova məxsus marketə gəlib, içəri daxil olan Rahib həmin adamdan soruşub ki, həqiqətənmi onun adı Osmandır. Sonuncu bunu təsdiqləyib, nə baş verdiyini soruşduqda Rahib hazır vəziyyətdə saxladığı tapançanı ona tuşlayaraq 3 dəfə atəş açıb, sonra isə taksiyə əyləşib qayınatasının evinə gəlib.
Zərərçəkən Hüseyn Şirinov ifadəsində göstərib ki, onun oğlunun təqsirləndirilən şəxsin danışdıqlarına heç bir aidiyyatı yoxdur və bütün bunlar sadəcə şərdir. O, məhkəmədən Rahib Əliyevə ağır cəza təyin edilməsini xahiş edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq Rahib Əliyevin şikayətini təmin edib və qərara əsasən ona 13 il cəza təyin olunub.
Mənbə:> Oxu.Az