Sosial şəbəkədə tanış olduğu şəxsi öldürən “seyid”ə ağır cəza verildi
Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Hafiz Səmədovun (1981-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il dekabrın 16-da saat 18 radələrində Sabunçu RPİ və 12-ci polis bölməsinin əməkdaşları Ramana qəsəbəsində həyətyanı sahədə, yerə basdırılan soyuducuda bədəni üzərində zorakılıq əlamətləri olan Əli Seyidovun (1988-ci il təv.) meyitini aşkar ediblər.
Ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Səhərisi gün əvvəllər məhkum olunan Hafiz Səmədov RPİ-nə könüllü gələrək Əli Seyidovu öldürməsini etiraf edib.
İstintaqla müəyyən edilib ki, dekabrın 10-da Hafiz Səmədov tanışı Əli Seyidovla Ramana qəsəbəsində kirayədə yaşadığı yeni tikilidə birlikdə narkotik vasitə qəbul edərkən, şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb. Mübahisə zamanı Hafiz Əliyə dəmir parçası ilə sifət və boyun nahiyələrinə xəsarətlər yetirərək, onu qətlə yetirib. Sonra onun başına selofan torba keçirib, boyun və ayaqlarını yapışdırıcı lentlə bağlayıb və meyitini evdə olan soyuducunun içərisinə yerləşdirərək, evin həyətyanı sahəsində basdırıb.
Məhkəmə prosesində Hafiz Səmədov hadisədən 2 ay əvvəl evləndiyini bildirib. Əli ilə sosial şəbəkədə taniş olub, bir neçə dəfə telefonla danışdıqdan sonra, onunla görüşüb və evinə dəvət edib. Birlikdə narkotik qəbul etdikdən sonra Əli Hafizin arvadı Sevinc haqda nəlayiq ifadələr işlədib. Mübahisəyə də məhz bu səbəb olub.
Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsin 12 il 6 ay müddətinə cəzalandırılmasını xahiş edib, lakin mərhumun atası Səfər Seyidov buna etiraz edib və Səmədova 20 il cəza verilməsini istəyib:
“Bu adam əvvəllər də narkotik istifadə etidyinə görə məhkum olunub. Mənim 13 günlük nəvəm atasız qalıb. Hafiz oğlumu öldürmək üçün pul alıb, onu sifarişlə öldürüb”.
Bundan sonra Hafiz Səmədov zərərçəkənə müraciət edərək, əməlindən peşman olduğunu bildirib:
“Mən atasız-anasız seyidəm. Yetimin, seyidin qəlbinə dəyən bir gün mütləq cəzasını çəkər. Səni də mənim cəddim tutacaq, sənə də bir şey olacaq. Sənin oğlunun əcəli ora qədər idi, hər kəsin bir taleyi var. O indi haqq dünyasındadır, orada rahatdır. Amma burda mən, ailəm, onun ailəsi əzab çəkir”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Səmədov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi Səfər Seyidov apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi zərərçəkmişin şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Mənbə:> Oxu.Az