Atasını baltalayan oğlanın işi üzrə prokurorun protesti təmin edilmədi
Bakı Apellyasiya Məhkəməsində Xəzər rayon sakini Şamil Rzayevin (1997-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il mayın 10-da Türkan qəsəbəsinin Üzümçülük sovxozunda Şamil Rzayev yaşadığı evdə atası Qalib Rzayevin baş nahiyəsinə balta ilə üç zərbə endirərək, onu qətlə yetirib. Daxil olan məlumat əsasında hadisə yeri RPİ və prokurorluq əməkdaşları tərəfindən müayinə olunub, müvafiq maddi sübutlar aşkar edilərək, götürülüb. Elə həmin gün şübhəli şəxs Xəzər RPİ 1-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. İş üzrə dindirilən Şamil Rzayev törətdiyi cinayət əməlini etiraf edib.
İş üzrə təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Q.Rzayevin ölümünə baş-beyin toxumasına qansızma səbəb olub.
Məhkəmə prosesində təqsirləndirilən şəxs ifadəsinə atasının ailə üzvlərinə əzab verdiyini göstərib, fərdi əməklə məşğul olan mərhum hər gün spirtli içki qəbul edib, sonra isə sərxoş vəziyyətdə evə gələrək onları təhqir edib və döyüb. Mayın 10-da növbəti dəfə evə sərxoş qayıdan atası anasını təhqir etməyə başlayıb, bu zaman evin həyətində olan Şamil içəri daxil olub və üzünü atasına tutaraq, söyüş söyməməsini xahiş edib.
Cavab olaraq Qabil Rzayev onu da söyüb, bunlara dözə bilməyən gənc həyətə çıxaraq baltanı götürüb və geri evə qayıdıb. İlk zərbədən sonra sərxoş vəziyyətdə olan atası döşəməyə yıxılıb, bunu görən Şamil ona daha iki zərbə vurub, sonra isə sonuncunun öldüyünə əmin olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şamil Rzayev 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.
Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq protesti təmin etməyib, qərara əsasən birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.
Mənbə:> Oxu.Az