Azərbaycanda xəstəlik səbəbindən ölənlərin sayı çoxalıb
Azərbaycanda son 5 ildə xəstəlik səbəbindən dünyasını dəyişənlərin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsi son 5 il ərzində Azərbaycanda baş verən ölüm halları və səbəblərini açıqlayıb. Ölüm hallarına səbəblər içərisində ilk üçlüyü qan dövranı, yeni törəmələr və həzm sisteminin xəstəlikləri tutur.
Qan dövranı sisteminin xəstəliklərindən ölənlərin sayı 33 min 291 nəfər, yeni törəmələrdən ölənlərin sayı 6 min 982 nəfər, həzm sisteminin xəstəliklərindən ölənlərin sayı 2 min 873 nəfər olub.
Həkimlər bildirir ki, sözügedən xəstəliklərdə son illərdə cavanlaşma müşahidə olunur. Əvvəllər bu cür xəstəliklərə yaşlı insanlarda rast gəlinirdisə, indi bu hallara cavan insanlar arasında daha çox rast gəlinir.
Bunun isə müxtəlif səbbələri var. Ən əsası fiziki aktivliyin zəif olmasıdır. Fiziki aktivliyin az olması isə sonda piylənmə ilə nəticələnir.
“Bizlər kütləvi şəkildə idmana maraq göstərmirik. Bizdən fərqli olaraq dünyanın hər yerində kütləvi idmana maraq çox böyükdür. Onlar qaçış və digər idman növlərilə məşğul olurlar. Yəni insanlar bir növ sosiallaşıblar. Amma bizdə bunlar yoxdur və insanlar passivləşiblər. Nəticə etibarı ilə ürək-damar xəstəlikləri aktivləşib”, - deyə həkim Adil Qeybulla bildirib.
Elə görünür bunun nəticəsidir ki, artıq bir neçə sığorta şirkəti insanlara sağlamlığını sığorta etmək barədə xüsusi təkliflər hazırlayır. Məsələn, belə sığorta şirkətlərindən birinin aparıcı mütəxəssisi Esmira Quliyeva deyir ki, biz 6 qorxunc xəstəliyə qarşı insanları sığortalayırıq.
Sağalmaz xəstəliklərdən sığorta məhsulu dünya sığorta bazarında uzun illərdir var. Azərbaycan sığorta bazarında isə bu məhsul yenidir. İstənilən şəxs bu sığortadan yararlana bilər. Bunu da müsahibim deyir:
“Sığorta şirkəti 6 qorxunc xəstəliyə qarşı insanları sığortalayır. Bura xərçəng, infarkt, insult, tac arteriya damarının müalicəsi, yaşamaq üçün vacib orqanların köçürülməsi və böyrək çatışmazlığı daxildir. Əgər müştəridə bu xəstəliklər yaranarsa, biz onun əvvəlcədən qeyd etdiyi sığorta məbləğini həmin şəxsə ödəyirik".
Vacib olan sığortalanarkən bu altı növ xəstəliyin daşıyıcısı olmamağınızdır. Yəni tam sağlam şəxslərin sağlamlığı sığortalanır. Buradakı xəstəliyin sayını artıra da bilərsiz, azalda da. Yəni müqaviləyə dəyişiklik şəxsi istəkdən asılıdır.
Əgər sığorta dövründə xəsləiklərdən hansınasa yoluxsaz sığorta şirkəti bu pulu sizə nəğd şəkildə ödəyəcəyinə söz verir. Onu hansı xəstəxanada necə ödəyəcəyinizə isə qarışmır.
“Ödəniş illikdir. İldə bir dəfə ödənilməklə həyata keçirilir. Məsələn, 20 yaşlı bir xanım 5 manat 71 qəpik ödəməklə 10 min manat dəyərində sığorta təminatı əldə etmiş olur. Kişilərdə isə bu 7 manat intervalında dəyişir”, - deyə Esmira Quliyeva bildirib.
Bu gün hər kəs sağlamlığını qorumaq dərdindədir. Xəstəliklərdən heç kim sığortalanmayıb. Amma müasir dövrdə bu cür sığorta da mümkündür.
Mənbə:> ANSPRESS