Rusiyada suriyalılarla quş ovlayan azərbaycanlı tutuldu
Suriyalıların, kürdün və azərbaycanlının daxil olduğu altı xarici vətəndaşdan ibarət qrup noyabrın 10-da Şernışevski rayonunda yırtıcı quşları ovladıqları üçün saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə “Çita.Ru” informasiya agentliyinə heyvanat aləminin regional mühafizəsi, nəzarəti və tənzimlənməsi üzrə Xidmətin mətbuat xidmətindən bildirilib.
“Saxlanılan şəxslərdə yem kimi istifadə ediləcək 30 diri göyərçin, 60 tələ, papaq və digər ov və diri quşların aparılması üçün ləvazimat aşkar edilib. Ov və yırtıcı quşların saxlanılması üçün icazə yox idi”, - mətbuat xidmətində dəqiqləşdiriblər.
Xaricilərin şahin kimi quşların ovu ilə məşğul olduqları ehtimal edilir. Onların bu quşları satmaq, qəfəsdə saxlamaq və ov üçün istifadə etmək niyyətləri olması ehtimal edilir. Yaxın Şərqdə belə quşların qiyməti on mindən yüz min dollara qədərdir. Bu, neft şeyxləri arasında şahin ovunun populyarlığı ilə izah edilir.
Fakt üzrə istintaq aparılır. İstintaqa vilayət Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları da cəlb edilib.
Günahları sübut edildiyi halda cinayətkarlara qarşı “Qanunsuz ov” maddəsi üzrə ittiham irəli sürülə bilər. Bu maddə üzrə 200 min rubl (3100 dollar) cərimə və 480 saat icbari əmək, 2 il müddətinə islah işləri və ya 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Mənbə:> Oxu.Az