Azyaşlı qızların sırğalarını oğurlayan “Cici” 6 il cəza aldı
Bakı Ağır Cinayətlər Məhkəməsində Ceyhun Hadıyevin CM-nin 177.2.2 (oğurluq, təkrar törədildikdə) və 177.2.4-cü (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, “Cici” ləqəbi ilə tanınan, əvvəllər məhkum olunan Ceyhun Hadıyev 2014-cü ilin noyabr ayında Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
İstintaqın gedişatında məlum olub ki, o, həyətlərdə və küçələrdə rastlaşdığı azyaşlı qızların aldatma yolu ilə sırğalarını oğurlayıb. Hadıyev cinayət əməllərini Bakının Binəqədi rayonu və Sumqayıt şəhərinin ərazisində törədib, ümumi olaraq onun hesabında 9 epizod olub.
Ceyhun Hadıyev istintaqın ilkin mərhələsində Şüvəlanda yerləşən 3 saylı istintaq təcridxanasında saxlanılıb. O, təcridxanada qayda-qanunu pozduğuna və qaşıq udduğuna görə, Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb. Məhkəmə prosesində təqsirləndirilən şəxs hələ də həmin alətin onun mədəsində olduğunu deyib.
Ceyhun Hadıyev ittiham üzrə özünü qismən təqsirli hesab edib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Mənbə:> Oxu.Az