Pul borcu ilə əlaqədar qonşusunu bıçaqlayan şəxs 4 il cəza aldı
Bakı Ağır Cinayətlər Məhkəməsində Salman Məlikovun CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il dekabrın 1-də Nəsimi rayonunun D.Əliyeva küçəsində Salman Məlikov qonşusu Ağatalıb Dadaşovu bıçaqlayıb, sonuncu bədən xəsarəti ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb və həkimlərin müdaxiləsi nəticəsində onun həyatı xilas edilib.
Araşdırmaya başlayan Nəsimi RPİ 22-ci polis bölməsinin əməkdaşları S.Məlikovu şübhəli şəxs qismində saxlayıblar, dindirmə zamanı o bildirib ki, hadisədən bir müddət əvvəl qonşusundan borca 30 manat pul alıb. Ayın 1-də Ağatalıb ondan borcunu istədikdə Salman hazırda pulu olmadığını deyib və ondan yenə də möhlət istəyib. Lakin Dadaşov ona qarşı nalayiq ifadələr işlədərək təhqir etməyə başlayıb, cavab olaraq o da qonşusunu söyüb. Əlbəyaxa olarkən Məlikov evdən götürdüyü məişət təyinatlı bıçaqla Dadaşovun qarın nahiyəsinə bir zərbə vurub.
Məhkəmə prosesində təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli hesab edərək, əməlindən peşman olduğunu bildirib.
Məhkəmənin hökmü ilə S.Məlikov 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Mənbə:> Oxu.Az