Bakıda Koreya vətəndaşlarını qarət edən şəxslərin cəzaları azaldıldı
Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakinləri Mehman Qədirov, Sadiq Hüseynov və Ramin Məmmədovun CM-nin 180.2.1 (soyğunçuluq, bir qrup şəxs tərəfindən törədildikdə) və 180.2.4-cü (soyğunçuluq, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il martın 4-də Bakı ş. Baş Polis İdarəsi və Nizami RPİ 24-cü polis bölməsinin əməkdaşları birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mehman Qədirovu, Sadiq Hüseynovu və Ramin Məmmədovu yaxalayıblar. Müəyyən edilib ki, tutulan şəxslər bir gün əvvəl 8-ci kilometr qəsəbəsində Cənubi Koreya vətəndaşları Bak Ungyoona və Park Kihyuna basqın edərək, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər və onlara məxsus 500 dollar, 120 manat, 2 ədəd mobil telefonlarını qarət ediblər.
Məhkəmə prosesində təqsirləndirilən şəxslər özlərini təqsirli hesab edərək, cinayəti pul əldə etmək məqsədi ilə törətdiklərini bildiriblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Qədirov 7 il, S.Hüseynov və R.Məmmədovun hər biri 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunublar.
Hökmdən təqsirləndirilən şəxslər apellyasiya şikayətləri verərək, cəzalarının yüngülləşdirilməsini istəyiblər.
Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq onların şikayətini təmin edib, qərara əsasən Qədirovun cəzası 5 ilə, digər şəxslərin cəzaları isə
4 il 6 aya endirilib.
Mənbə:> Oxu.Az