Şiələrin tədbirinə hücum olundu – ÖLƏNLƏR VAR
Səudiyyə Ərəbistanında Aşura ilə bağlı dini tədbirə toplaşan şiələrə hücum nəticəsində 5 nəfər öldürülüb və daha 9 adam xəsarət alıb.
Şərq əyalətindəki Sayhat şəhərində baş vermiş hücuma görə məsuliyyəti öz üzərinə İslam Dövləti qruplaşması ilə əlaqəli olduğunu deyən təşkilat götürüb.
İbadət mərkəzində toplaşanları odlu silahdan gülləbarana tutan hücumçu polis tərəfindən öldürülüb. İslam Dövləti qruplaşması may ayında 20-dən artıq adamın ölümü ilə nəticələnən ölkənin şərqindəki şiə məscidinə hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü.
Ötən ilin noyabr ayında yayımlanan audiomüraciətində qruplaşmanın lideri Əbu Bəkr əl-Bağdadi tərəfdarlarını şiə hədəflərinə qarşı hücumlara səsləyib. Cümə günü şiələrin yaşadığı ərazilərdə başqa hücumlar da qeydə alınıb.
Səudiyyənin böyük şiə icması əsasən ölkənin şərqində yaşayır. Burada şilələr öz hüquqları uğrunda tez-tez aksiyalar keçirirlər.
Mənbə:> Qafqazinfo.az