Britaniyalı tutuquşuya bənzəmək üçün qulaqlarını kəsdirdi
Britaniyanın Bristol şəhərinin sakini Ted Riçards ev tutuquşularına bənzəmək üçün qulaqlarını kəsdirib, The Daily Telegraph məlumat yayıb.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, 56 yaşlı britaniyalı 110 tatu etdirib, bədənində 50 dəlik açdırıb və dilini ortadan kəsdirərək quşlara bənzərliyi əldə etməyə çalışıb. Son prosedur isə cərrahların onun arzusu ilə yerinə yetirdikləri qulaqlarını kəsdirmə əməliyyatı olub.
“Mən gözləmirdim, amma məndən heç uşaqlar da qorxmur, əksinə onlar yaxınlaşaraq şəkil çəkdirirlər, mən əla görünürəm”, - Riçards danışıb.
Xəbər verildiyi kimi Riçardsın Bristoldakı mənzilində dörd tutuquşu, yaşıl iquana İqqi və pitbulteryer Kendi yaşayır. Onun 31 yaşlı sevgilisi Syuzan quş həvəskarının bütün ideyalarını dəstəkləyib.
Riçards üçün tutuquşuya bənzəməkdə növbəti addım cərrahiyyə yolu ilə burunun dimdiyə dəyişdirilməsi ola bilər.
İlk tatusunu 1976-cı ildə etdirən adam, o gündən bəri bədənini rəngləməyə çalışır. Bundan başqa, o sol çiynində sülh işarəsini yandıraraq çəkib və hər iki əlinə metal lövhə implant etdirib.
Mənbə:> Oxu.Az