111 yaşlı britaniyalı viskini uzunömürlülük sirri adlandırdı
Böyük Britaniyanın ən yaşlı sakinlərindən biri hind mənşəli ingilis Nazar Sinqx (Nazar Singh) 111 yaşını qeyd edib.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, kişi öz ad günü gecəsində pivə və viski içib.
Sinqx öz uzunömürlülüyünün sirri olaraq yuxu, sağlam həyat tərzi və viski içməyi göstərib.
Səbəbkarın oğlu Çein Sinqx Gill (Chain Singh Gill) atasının gün ərzində doqquz saat yatdığını, süd və badam yağı içməyi, eləcə də meyvə yeməyi xoşladığını deyib. 111 yaşında olan Nazar Sinqx bir dənə də olsun əməliyyat keçirməyib, ağzında öz dişləri qalıb və gözəl eşitmə qabiliyyətinə malikdir.
Çein Sinqx qeyd edib ki, atası öz ad gününü ailə üzvləri ilə Hindistanda keçirib.
Nazar Sinqx 1904-cü ilin iyun ayının 8-də Hindistanın kəndində dünyaya gəlib. 10 yaşından ailəsinə şəkər qamışı, pambıq, qarğıdalı, buğda və digər kənd təsərrüfatı bitkiləri yetişdirməyə yardım edib. Bağ və bostan ilə məşğul olmağı Sinqx dörd il bundan öncə dayandırıb.
1932-ci ildə o, Hindistan üçün ənənəvi olan danışılmış nikah qurub. Evləndiyi qız isə qonşu kənddə yaşayan Narayan Kaur (Narajan Kaur) adlı bir qız olub. Bu nikahdan onun 9 övladı dünyaya gəlib. Arvadı 12 il bundan öncə dünyasını dəyişib. 9 uşaqdan başqa Sinqxin 34 nəvəsi və 64 nəticəsi var.
1965-ci ildə o, ailəsi ilə bərabər İngiltərəyə gəlib, burada 25 ilə yaxın zavodda işləyib.
Qeyd edək ki, planetin ən uzunömürlü qadını amerikalı Ceralien Tellidir, may ayının 23-də onun 116 yaşı oldu. Qadın şəxsi evində Detroyt (Miçiqan ştatı) yaxınlığında yaşayır.
Mənbə:> Oxu.Az