Əri ölən, qızı boşanan 6 uşaq anası intihar etdi
Xaçmazda 55 yaşlı qadın intihar edib. Hadisə bu gün səhər Xaçmaz rayonu, Azərbaycan küçəsi, 13 ünvanında baş verib. Qadın özünü hamamda asıb.
İctimai-iaşə obyektlərinin birində aşpaz işləyən 55 yaşlı Nərgiz Dübərovanın ailə üzvləri onun işə getdiyini güman ediblər. Onu hamamda ipdən aslı vəziyyətdə görəndə isə artıq hər şey gec olub. Qadının həyatını xilas etmək mümkün olmayıb.
AzNews.info xəbər verir ki, Xaçmaz Rayon Prokururluğundan ANS-ə verilən məlumata görə, həyatına qəsd edən Nərgiz Dübərovanın həm maddi problemləri olub, həm də yataq xəstəsi olan ərini itirib. Qızlarından birinin boşanması isə onun yükünü bir az da artırıb. Mərhumun 6 uşağının olduğu bildirilir.
İşlədiyi yerdən cəmi 150 manat əməkhaqqı alan qadının xeyli borcu olub. Maddi sıxıntılara tab gətirməyən qadın çıxış yolunu özünü öldürməkdə görüb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
Mənbə:> ANSPRESS