Yaşlı kişi banklara olan borca görə özünü asdı
Bu gecə Ağdaş rayonunda intihar baş verib. Rayonun Aşağı Qəsil kənd sakini özünü asıb.
Ağdaş rayon prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, kənd sakini, 1957-ci il təvəllüdlü Nizami Vəli oğlu Cabbarov gecə saatlarında özünü yaşadığı evin meyvə bağındakı ağacdan asaraq intihar edib. Onun meyiti bu gün səhər ailə üzvləri tərəfindən asılmış vəziyyətdə aşkar edib. Onlar hüquq-mühafizə orqanlarına xəbər veriblər.
58 yaşlı kişinin intihar etməsinə ilkin ehtimal kimi onun banklara külli miqdarda borcu olması göstərilir.
Özünü öldürən şəxsin bir oğlu var.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Bundan əvvəl də oxşar hadisə Bərdə rayonunda baş vermişdi. 23 yaşlı Yevlax rayonunda anadan olan və Bərdədə qeydiyyatda olan Elşad Vaqif oğlu Dadaşov özünü kəndirlə "Tərtərçay" üzərindəki körpüdən asmışdı.
Bərdə Rayon Polis Şöbəsindən ANS PRESS-ə Elşad Dadaşovun ölümünə ilkin ehtimal kimi onun banka külli miqdarda borcu olduğu üçün intihar etdiyi bildirilmişdi.
Mənbə:> ANSPRESS