Əbülfəs Qarayev turizm sahəsini necə batırdı... » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Gənclik, Foto

Əbülfəs Qarayev turizm sahəsini necə batırdı... – FOTO

Əbülfəs Qarayev turizm sahəsini necə batırdı...

Prezident İlham Əliyevin ölkədə turizmin inkişafına dair müvafiq dövlət orqanlarına verdiyi tapşırıq və göstərişlər əhali tərəfindən rəğbətlə qarşılandı və böyük ümid və gözləntilər yaratdı.

“Nəhayət ki, biz də öz ölkəmizdə normal dincələ biləcəyik” - deyə çoxu ümidləndi.

Bu sahəyə məsul dövlət orqanlarının prezidentin tənqidi çıxışına operativ reaksiyası, həmin qurumların rəhbərlərinin hay-küylü bəyanatları da bu ümidləri gücləndirirdi. Lakin adətən həmişə belə olur: nazirlər bir şey deyir, yerlərdəki vəziyyət isə fərqli olur.

Əbülfəs Qarayev turizm sahəsini necə batırdı...


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev özü də bu günlərdə şikayətlənirdi ki, əksər otellər özlərini 4, ən azı 3 ulduzlu kimi təqdim etsə də onların təklif etdiyi xidmətlər tələb olunan standartlara əslində heç də uyğun gəlmir.

Doğrudur, Qarayev nazirliyin turistlərin kütləvi şəkildə aldadılmasına qarşı hansı tədbirləri gördüyünü açıqlamadı. Lakin qeyd etdi ki, ölkədəki bütün otellərdə qiymət siyasətini nəzərdən keçirmək tövsiyə olunub. Nazirin sözlərinə görə, rayonların icra hakimiyyəti başçılarına, yerli sahibkarlara, müvafiq qurumlara artıq tövsiyə edilib ki, otellər də, turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər də Mədəniyyət və Turizm Nazirliyinin müəyyən etdiyi standartlara uyğunlaşdırılmalıdır.

Diqqət edin: nazirin fikrincə, turizm Mədəniyyət və Turizm Nazirliyinin standartlarına uyğun şəkildə inkişaf etməlidir. Və nazir buna sadə izah verir: bu gün qanunvericilikdə məcburi standartlaşmaya dair tələb yoxdur deyə nazirliyin standartları əsas götürülməlidir.

Əbülfəs Qarayev turizm sahəsini necə batırdı...


Lakin sual yaranır: hər bir nazirlik haçandan öz standartlarını müəyyən etməyə başlayıb və əgər onlar sadəcə qanuni deyilsə, onlara kim əməl edəcək?

İdarə və nazirliklərin əslində müvafiq qanunların qəbuluna dair təşəbbüslər irəli sürməsi, öz standartlarını Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə uzlaşdırması və onların icra olunmasını artıq qanunvericilik müstəvisində tələb etməsi daha doğru olardı.

Yerlərdə isə hər şey doğrudan da belədir. Məsələn, götürək elə yayda ənənəvi olaraq əksər azərbaycanlıları özünə cəlb edən şimal regionunu. Qusar rayonundakı turizm obyektlərinin heç birində qiymətin azalması müşahidə edilmir. Olimpiya kompleksinin 4 nəfərlik ikimərtəbəli kottecləri əvvəlki kimi sutkası 100-120 manata təklif olunur. Bu qiymətə isə yalnız səhər yeməyi daxildir.

“Alpen Qusar”da iki nəfərlik ikimərtəbəli kotteclər də 100-120 manata, birmərtəbəlilər isə 60 manata təklif olunur. Lakin burada ümumiyyətlə yemək verilmir. Oradakı başqa obyektlərdə isə yemək çox bahadır.

“Şahdağ” kompleksindən isə heç danışmağa da dəyməz. Bura yalnız varlılar üçündür.

Həm yayda, həm də qışda minlərlə təbiət həvəskarının üz tutduğu qonşu Qubada istirahət üçün yaxşı imkanlar var. Doğrudur, qiymətlər burada da “əl yandırır”. Burada qiymətlər bütün region üzrə ən yüksək həddədir. Belə görünür ki, nazirin heç bir tövsiyəsi həmin qiymətləri endirmək iqtidarında deyil.

Əbülfəs Qarayev turizm sahəsini necə batırdı...


Məsələn, “Cənnət bağı”nda 65 manata (bu qiymətə yalnız səhər yeməyi daxildir) dincəlmək olar. Amma hansı ortabab azərbaycanlının burada heç olmasa bir həftə dincəlməyə imkanı çatar?

Nəhayət, məşhur Nabran istirahət zonasının yerləşdiyi Xaçmaz rayonu haqda. Açıq demək lazımdır ki, bu turizm zonası barədə artıq həyəcan təbili çalmaq vaxtıdır. Nabran hələ sovet vaxtı - burada cəmi bir neçə turbaza və dövlət idarələrinin balansında olan istirahət mərkəzləri olanda daha cəlbedici idi.

Bu gün isə Nabran çoxdan atılmış, tərk edilmiş, gözdən-könüldən uzaq yaşayış məskənini xatırladır. Xaraba qalmış yollar, birbaşa dənizə axan kanalizasiya suları, insanların günəş vannası ala biləcəyi sahilboyu qumsal ərazini yatağa çevirən mal-qara sürüləri, zibil qalaqları, çirkab... Bura sovet illərində “Dostluq” turbazasında dincələnlərin dənizə rahat enə bilməsi üçün tikilmiş iki yerüstü piyada keçidin miskin və sınıq-salxaq qalıqlarını da əlavə edəndə daha eybəcər mənzərə alınar. Bu keçidlər az qala uçub adamın başına tökülmək üzrədir.

Doğrudur, son illər ərzində burada xeyli yeni və müasir obyektlər tikilib. Amma həmin o “Dostluq” ildən-ilə boşalır, burada dincəlmək istəyənlər azalır. Bu obyektin özəlləşdiriləcəyi haqda çoxdan söhbətlər gedir. Bu söhbətlər uzandıqca da bu nəhəng və çox mənzərəli turistik ərazi batıb gedir. İnsanları “Dostluq”a cəlb edən yeganə səbəb nisbətən ucuz və keyfiyyətli yeməklər verən restoranıdır.

Qiymətlərə və xidmət səviyyəsinə gəlincə isə Nabrandakı obyektlərin çoxunda bunlar verdiyin pula dəymir. Bundan əlavə, qiymətlər də getdikcə artır.

Məsələn, SOCAR-ın buradakı “Qoşa çinar” istirahət zonası bu il qiymətləri adambaşına 5 manat artırıb. Səbəb kimi isə burada üzgüçülük hovuzunun tikilməsi göstərilib. Anlaşılmır ki, bu 5 manat hovuzun tikintisinə çəkilən xərci ödəyir, yoxsa ona texniki qulluq üçündür. Ümumiyyətlə, niyə məhz 5 manat? Axı məsələn, qonşu “Bulaq”da iki il əvvəl hovuz tikiləndə qiymətlər 10 manat artmışdı.

Məşhur “Atlant”da da qiymətlər bu il 10 manat artıb. Bu artımın səbəbini isə heç kim izah etmir.

Turizm obyektlərindəki bu qiymətləri kim, necə, hansı üsulla tənzimləyir - bunu heç kim, o cümlədən Nabrana dincəlməyə gedənlər də bilmir.

Bu sualların cavabını Mədəniyyət və Turizm Nazirliyində bilirlərmi? İstirahətə gedənləri bu məsələ də maraqlandırmır.

Əbülfəs Qarayev turizm sahəsini necə batırdı...


Artıq hamı başa düşür ki, sözdə xalqa xidmət adı altında yaradılan və işləyən bu obyektlər əslində bir qrup adamın cibini doldurmaq üçündür. Turizm sektorunu inhisara alan bir qrup adamın... Bu sahəyə məsul müvafiq nazirlik isə digər dövlət qurumları kimi bu halda xalqın yox, məhz həmin inhisarçı qrupun maraqlarına xidmət edir.

Bunu təkcə otel biznesinin timsalında yox, həm də digər sahələrdə də görmək olar. Turistləri restoran biznesi, daha doğrusu, nisbətən ucuz və keyfiyyətli yeməklər də az cəlb etmir. Amma əgər otel biznesində səliqə-sahmanın hansısa əlamətləri varsa, restoran biznesində heç bu da yoxdur.

Nabranda bizim vərdiş etdiyimiz şəkildə restoranlar yoxdur. Orada açıq havada ictimai iaşə obyektləri fəaliyyət göstərir. Belə restoran sahibi olmaq qəpik-quruşa başa gəlir. Sadəcə mətbəx avadanlıqların olmalıdır, bir də ki, ağacların arasında bir neçə stol, vəssalam. Xidmət personalı isə yarıyuxulu, yorğun, əzgin olur... Az qala bütün sutkanı işləyən bu adamlar qəpik-quruş sayılacaq qədər az məvacib alırlar.

Məsələn, bu zonadakı ən bol müştərili “Fontan” restoranını götürək. Sıx meşəlikdə yerləşən bu obyekt yuxarıda göstərilən meyarlara uyğun gəlir. Ətrafda xırda çaylar, səssizlik, təmiz hava... Bu şəraitdə bir stəkan ətirli çay içmək istəyirsən, amma...

“Biz çayı yalnız samovarda veririk. Bir stəkan yox, bütün samovarı” - ofisiant müştərinin çay xahişinə belə cavab verir.

Bir samovar çayın üç nəfərdən ötrü çox olduğunu izah etməyə çalışmaq belə restoranların personalı üçün artıq işdir - heç nə dəyişməyəcək, çünki “rəhbərlik belə tapşırıb”.

Ümid qalır obyekt rəhbərliyinin müdaxiləsinə. Onu çağırırlar. İdmançı görkəmli bu gənc adamın cavabı istənilən adamı şoka salmalıdır: “Çayı yalnız samovarla veririk, xoşunuza gəlmirsə, durub gedə bilərsiniz”.

Obyekt sahibini adi sözlərlə başa sala bilməzsən. Ona görə də ona prezident İlham Əliyevin turizm sahəsindəki vəziyyəti yaxşılaşdırmağa çağırışını xatırlatmaq lazım gəlir. İzah etmək lazım gəlir ki, restoran müştəriyə nəyisə diktə edə bilməz, əksinə olmalıdır.

Amma özünü restoranın inzibatçısı kimi təqdim edən Alim adlı bu şəxsə heç nə çatmır. O, müştərini sadəcə olaraq restorandan qovur.

“Burada bizim öz qanunlarımız var və onları heç kim dəyişdirə bilməz. Hara istəyirsiniz şikayət edin, kimə istəyirsiniz yazın. Biz öz qaydalarımızı dəyişməyəcəyik” - deyə Alim adlı inzibatçı sözümüzü kəsərək bildirir.

Mədəniyyət və Turizm Nazirliyi belə inzibatçılara heç olmasa özünü necə aparmaq, müştəri ilə necə danışmaq barədə mühazirə oxumalıdır. Bu qədər ciddi qurumda belə məsələlərlə məşğul olmağa doğrudanmı bir nəfər tapılmır?

Meşənin dərinliyindəki bu restoranda primitiv xidmətə və məhdud saydakı yemək çeşidinə görə müştərilərdən qonşuluqdakı daha səviyyəli restoranlarla müqayisədə ikiqat-üçqat artıq pul alırlar.

Uzağa getməyək. Bu restorandan cəmi 2-3 kilometr aralıdakı restoranlarda, özü də mənzərəli təbiət qoynunda dənizə baxa-baxa istədiyin hər şeyi sifariş edə bilərsən. Üstəlik orada çayı da samovarla yox, çayniklə verirlər. Bir-iki stəkan çaya görə bütün samovar üçün pul ödəməyə ehtiyac yoxdur.

Bəs onda Alim və onun kimiləri biz müştərilərə niyə öz şərtlərini diktə edirlər? Yoxsa bu adamlara elə gəlir ki, onlara müftə verilmiş bu təbiət gözəlliklərindən sui-istifadə edib ciblərini doldurmalıdırlar? Bu təbiət bəyəm bütün xalqın deyil? Belə çıxır ki, hansısa bir Alim təbiəti də inhisara ala bilər, xalqın ən elementar hüquqlarını qorumalı olan Mədəniyyət və Turizm Nazirliyi və digər dövlət qurumları isə bu adamın qarşısında aciz şəkildə durmalıdır?!

Amma yox, bu inzibatçı o qədər də qorxulu deyil. Onu içəri qoymağa yerli sahə müvəkkili də yetər. Lakin elə məhz bunu gözləməyə dəyməz. Çünki hər sahə müvəkkilinin öz marağı var. Bu maraq da əsasən Alim kimilərinin onlara münasibətindən asılıdır...

Elnur Məmmədov

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *