Prezident turizmə zərbə vuran üç səbəb haqda: AZAL, otellər və viza...
Xəbər verildiyi kimi prezident İlham Əliyev bu gün Nazirlər Kabinetinin ilin I yarısının sosial-iqtisadi yekunlarına həsr edilmiş iclası zamanı Azərbaycanda turizm sektoruna zərbə vuran səbəblərdən danışıb.
Virtualaz.org saytı xəbər verir ki, AzTV prezidentin həmin müşavirədəki yekun nitqinin videoyazısını yayıb və İlham Əliyevin nitqinə əsasən turizm sektorunun inkişafını əngəlləyən üç əsas səbəb var: bahalı aviabiletlər, viza prosedurlarının mürəkkəbliyi və bölgələrdə otellərin qiymətlərinin həddən artıq baha olması.
Prezident deyib ki, Azərbaycana gələn qonaqlar ölkəmizi tərifləyir, buradakı inkişafdan məmunluğunu bildirir. Lakin şikayətlənirlər ki, gəlmək çox çətindir. Çünki gərək haradasa bir ay əvvəl viza almaq üçün müraciət edəsən. Təyyarə biletlərinin qiymətinin bahalığı isə digər ciddi səbəbdir.
İlham Əliyev AZAL-ın fəaliyyətini tənqid edərək deyib ki, doğrudur, şirkətin göstərdiyi xidmətlər yüksək səviyyədədir və bunu AZAL-ön reysləri ilə uçanlar təsdiq edir.
“Lakin biletlər niyə baha olmalıdır? Biz ki yanacağı xaricdən almırıq, özümüz istehsal edirik. Kerosin başqa ölkələrlə müqayisədə nisbətən ucuz verilir. AZAL dövlət büdcəsindən hər il böyük həcmdə subsidiyalar alır. Bütün təyyarələr dövlət vəsaiti hesabına alınıb, bütün aeroportlar, infrastruktur dövlət vəsaitləri ilə tikilib. O zaman biletlər niyə baha olmalıdır?” - deyə prezident sual edib.
İlham Əliyev bu problemin aradan qaldırılması üçün göstəriş verib.
Dövlət başçısı turizmi əngəlləyən digər səbəb kimi viza prosedurlarının mürəkkəbliyini göstərib. İlham Əliyev deyib Azərbaycanın viza rejimi elə olmalıdır ki, ölkəyə bəd niyyətlə gəlmək istəyənlərin qarşısını bundan sonra da qətiyyətlə alsın. Lakin eyni zamanda ölkəyə turist kimi gəlmək istəyənlər mürəkkəb viza prosedurlarından əziyyət çəkməməlidir.
İlham Əliyev üçüncü ciddi problem kimi otellərin qiymətlərinin baha olmasından bəhs edib. Deyib ki, xüsusən bölgələrdə otellərin qiymətlərinin həddən artıq baha olması barədə ona siqnallar gəlir.
“Bakıda bunu başa düşmək olar, çünki dünyanın məşhur brendləri altında fəaliyyət göstərən otellərdir. Onların öz qiymət siyasəti var, biz bu qiymət siyasətinə o qədər də qarışa bilmirik. Bəs bölgələrdə 5 ulduzu olmayan otellərdə qiymətlər niyə bahadır? Bölgələrdə otellərə elə qiymətlər qoyublar ki, adam heç getmək istəmir”- deyə prezident bildirib.
Dövlət başçısı 2 və 3 ulduzlu otellərin tikilmədiyini də qeyd edib, əlavə edib ki, nəticədə aztəminatlı ailələr istirahət edə bilmir.
Mənbə:> Virtualaz.org