“Azərbaycanda ən böyük otel tikilir” » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“Azərbaycanda ən böyük otel tikilir”

“Azərbaycanda ən böyük otel tikilir”


“Dünyada, xüsusilə dünyanın qabaqcıl ölkələrində tibbi turizm inkişaf edir. Hesab edirəm ki, Azərbaycan da bu sahədə öz sözünü deməlidir”. ANS PRESS-in məlumatına görə, bu sözləri oktyabrın 17-də Azərbaycan prezidenti İlham Əliyev Naftalanda “Qarabağ SPA and Resort” otel kompleksinin açılışında çıxışı zamanı deyib.

Prezident bildirib ki, Azərbaycanda tibbi-müalicəvi turizmin inkişafına məhz Naftalanda start verilib: “Əminəm ki, bu proseslər, bu meyillər uğurla davam edəcək. Çünki Azərbaycanda belə müalicəvi yerlər kifayət qədər çoxdur. Onlardan biri də Qalaaltıdır. Orada da insan orqanizmi üçün çox xeyirli su mənbəyi var. İndi orada da otel tikilir. Yəqin ki, gələn il istifadəyə veriləcək. Naxçıvanda duz mağaralarında, digər yerlərdə müalicəvi xidmətlər göstərilir. Yəni, biz öz təbii imkanlarımızdan maksimum dərəcədə istifadə edirik ki, gözəl şərait yaradaq”.

Dövlət başçısı Naftalana gələnlərin arasında Azərbaycan vətəndaşlarının üstünlük təşkil etdiyini qeyd edib: “Yəni bu, əslində daxili turizmin inkişafıdır və getdikcə daha da çox Azərbaycan vətəndaşları gələcəklər. Çünki xalqımızın rifah halı, maddi vəziyyəti yaxşılaşır, işsizlik demək olar ki, aradan götürülübdür. Beləliklə, həm ölkə daxilindən, həm xaricdən buraya gələnlərin sayı çoxalacaq. Hazırda “Çinar” və “Rixos” otellərində demək olar ki, otaqların orta hesabla 70 faizi artıq doludur. Əminəm ki, burada da elə olacaq. Bəlkə də burada otaqların hamısı dolacaq. Əminəm ki, buraya gəlmək istəyənlərin sayı çox olacaq”.

Şəhərdə digər layihələrin də icra edildiyini vurğulayan dövlət başçısı gözəl təbiəti olan, dağların əhatəsində yerləşən Naftalanın müasir şəhərə çevrildiyini qeyd edib: “Hər yerdə belə olmalıdır. Bax, bu səviyyə Azərbaycan standartlarıdır, biz buna belə deyirik və biz bu standartları ölkəmizin hər bir bölgəsində tətbiq etməyə çalışırıq”.

Prezident İlham Əliyev bütövlükdə Azərbaycanda turizmin inkişafının sürətlə getdiyini bildirib: “Bakıda dünyanın ən aparıcı otellər şəbəkələri fəaliyyət göstərir. Son iki-üç il ərzində Bakıda altıdan çox beşulduzlu otel tikilmişdir. Onlar həm xarici görünüşü ilə şəhərimizi gözəlləşdirir, eyni zamanda, dünyanın aparıcı otel markaları Bakıdadır. Bu da ölkəmizin ümumi inkişafını göstərir”.

““Four Seasons”, “Fairmont”, “Hilton”, “Mariott” “Kempinski” “Jumeirah”, “Sheraton”, “Hyatt”, “Radisson” – yəni, bunlar aparıcı otel şəbəkələridir ki, Bakıda fəaliyyət göstərir. Nəyə görə? Çünki investorların ölkəmizin gələcəyinə böyük inamı var. Ona görə ki, Azərbaycan inkişaf edir, gözəl işlər görülür, təhlükəsizlik tam şəkildə təmin edilir. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Böyük imkanlar var. Biznes imkanları genişlənir, tarixi yerlərimiz kifayət qədər çoxdur, gələnlər bizim zəngin mədəniyyətimizlə tanış olurlar. Ona görə aparıcı otel brendləri Bakıdadır və bu proses gedir” - deyə İlham Əliyev bildirib.

Prezident hazırda Bakıda iki gözəl yeni otelin tikildiyini qeyd edib: “Birinin adı “İnturist” olacaq. Çünki əfsuslar olsun ki, bir neçə il bundan əvvəl Bakının simvollarından biri olan “İnturist” oteli sökülmüşdür. Ancaq o yerdən o qədər də uzaq olmayan bir yerdə eyni memarlıq üslubunda yeni otel tikilir, adı da “İnturist” olacaq. Yəni, biz köhnə “İnturist”i yenidən qururuq. Hazırda “Ağ Şəhər” bulvarında otaqlarının sayına görə bəlkə də Azərbaycanda ən böyük otel tikilir. İndi ictimaiyyət üçün o yerlər bağlıdır, çünki işlər gedir. Ancaq təqribən bir neçə aydan sonra “Ağ Şəhər” bulvarı açılacaq, yeni otellər fəaliyyətə başlayacaq. Bir daha demək istəyirəm ki, bu, ölkəmizin ümumi inkişafının göstəricisidir və nəinki Bakıda, Naftalanda, başqa şəhərlərdə belə gözəl əsərlər yaradılır. Siz - burada işləyənlər, əlbəttə ki, ən yüksək xidmət göstərəcəksiniz. Buna əminəm. Siz təlim keçmisiniz ki, buraya gələn qonaqlar hər şeydən razı qalsınlar”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *