Prezident və xanımı oteldə
Naftalanda səfərdə olan prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Naftalanda “Qarabağ SPA and Resort” otel kompleksinin açılışında iştirak ediblər. Prezident İlham Əliyev otel kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, burada tikinti işlərinə 2012-ci ildən başlanıb. Görülən işlər nəticəsində orijinal memarlıq üslubunda gözəl istirahət məkanı yaradılıb. Sahəsi 13 hektardan çox olan kompleksin əhəmiyyətini artıran mühüm cəhətlərdən biri onun yerləşdiyi ərazidə çoxsaylı istirahət məkanlarının olmasıdır. Burada balacalardan tutmuş böyüklərə qədər hamının maraq dairəsi nəzərə alınıb, onlar üçün guşələr yaradılıb. Tennis kortu, basketbol meydançası, qolf sahəsi istirahətə gələnlərə unudulmaz anlar bağışlayacaq. Helikopter meydançasının da olduğu kompleksdə 8 kilometr uzunluğunda gəzinti yolları, geniş yaşıllıq zolaqları salınıb.
Otelin beşmərtəbəli binasında turistlərə ən yüksək səviyyədə xidmət göstəriləcək. SPA terapiya üsullarına geniş yer verilən oteldə müxtəlif restoranlar və kafelər burada istirahətə gələnlərin istək və arzularının yerinə yetirilməsinə imkan verir.
264 yerlik oteldə bütün zəruri avadanlıqla təchiz olunmuş 132 otaq var. Digər mühüm cəhət burada çalışanların böyük əksəriyyətinin yerli işçilər olmasıdır. Onların ixtisaslarının artırılması ilə bağlı müvafiq işlər gedir və bu, gələcəkdə də davam etdiriləcək.
Sonra Prezident İlham Əliyev otelin əməkdaşları ilə görüşdü. Dövlət başçısı və xanımı elektromobillə otelin ərazisini gəziblər.
Mənbə:> ANSPRESS