Nazir dərmanların qiymətindən danışdı
Dərmanların qiymətinin tənzimlənməsinə ilk növbədə həyati vacib və daha çox tələbat olan dərmanlardan başlanılıb və dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin tənzimlənməsinin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur.
Oxu.Az Azərbaycan qəzetinə istinadən xəbər verir ki, bu sözləri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.
“Hər dəfə dərman vasitələrinin qiymətləri təsdiqləndikcə Tarif (qiymət) Şurasının müvafiq qərarı, qiymətlər cədvəli və qiymətlərin qüvvəyə minmə tarixi barədə məlumatlar KİV-də veriləcək, İqtisadiyyat və Sənaye Nazirliyinin (www.economy.gov.az), Tarif (qiymət) Şurasının (www.tariff.gov.az) rəsmi internet saytlarında yerləşdiriləcək və Səhiyyə Nazirliyi tərəfindən təqdim edilən dərman vasitələri haqqında elektron məlumatlarda (www.pharma.az) əks olunacaq” - deyə, nazir əlavə edib.
Onun sözlərinə görə, ilk qərardan sonra 20% dərman vasitəsinin qiyməti 3 dəfədən çox, 40%-dən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox enib.
Ümumilikdə isə, hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənən dərman vasitələrinin 90%-nin qiymətləri enib, qalan hissəsinin qiyməti isə dəyişməyib.
Nazir həmçinin əlavə edib ki, dərmanların qiymətləri barəsində məlumatlar KİV-də də yayımlanacaq:
“Pərakəndə satış qiyməti dərman vasitəsinin üzərində göstərilməklə yanaşı, müvafiq rəsmi internet resurslarında və KİV-də də yerləşdiriləcəkdir ki, bu da qiymət intizamına ictimai nəzarəti təmin edəcək”.
Ş.Mustafayev dərmanların qiyməti ilə yanaşı, keyfiyyətinə nəzarətin də diqqətdə saxlanılacağını vurğulayıb.
Mənbə:> Oxu.Az