Dərman qiyməti fərmanı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
ANS PRESS-in məlumatına görə, fərmanda deyilir:
1. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 94, № 11, maddə 1111; 2009, № 4, maddə 226, № 6, maddə 41, 2014, № 10, maddə 1199) 2.1-ci bəndində “6.8-ci” sözlərindən əvvəl “4.6-cı,” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. iki ay müddətində:
2.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.1.3. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.6-cı maddəsinə uyğun olaraq, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.5-ci maddəsinə uyğun olaraq, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsini üç ay müddətində təmin etsin.
Mənbə:> ANSPRESS