İrəvan oyun oynamaq istəyir – VİDEO
Cəbhə xəttində vəziyyətin gərginləşməsindən sonra Azərbaycan və Ermənistan prezidentləri arasında üçüncü dəfə Parisdə baş tutan görüş ərəfəsində qarşı tərəfin mövqeyində dəyişiklik müşahidə olunur. Ermənistan prezidenti Serj Sarkisyanın Dilicandakı beynəlxalq məktəbin açılışında Azərbaycanlıların da bu məktəbdə oxuması ilə bağlı mesajının məhz qarşıdakı görüşə hesablandığı görünür. Azərbaycan prezidenti İlham Əliyevin isə Tacikstanda bir gün əvvəl Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi bəyanat tərəflərin bu danışıqlara hansı gözləntilərlə getməsi ilə bağlı fikir yürütməyə əsas verir.
ANS TV-nin məlumatına görə, prezidentlərin oktyabrın 27-nə planlaşdırılan Paris görüşündə Sülh danışıqlarının yeni mərhələsinin konkret nəticələri müzakirə oluna bilər. Belə düşünməyə səbəb, ölkə başçısı İlham Əliyevin son vaxtlar Dağlıq Qarabağla bağlı daha qətiyyətli bəyanatlar verməsidir. Taciskistana səfəri zamanı prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsini bir daha önə çəkərək, Tacikistan prezidenti Emoməli Rəhmonla bəyannamə də imzaladı. Sənəddə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməklə tənzimlənməli olduğu xüsusi vurğulanıb.
“Bu qətnamələri 20 ildən çoxdur ki, qəbul olunub. Təəssüf ki, yerinə yetirilmir. Burada konkret göstərilir ki, Ermənistan öz qoşunların Azərbaycan torpaqlarından çıxarmalıdır” - deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib.
İlham Əliyevin 9 ayın yekunları ilə bağlı keçirdiyi müşavirədə Dağlıq Qarabağla münaqişə ilə bağlı ölkənin prinsipial mövqeyinin dəyişmədiyini və ancaq bu şərtlər altında münaqişənin həllinin mümkün olacağını bəyan etmişdi. Azərbaycanın son dövrlər əldə etdiyi uğurları və beynəlxalq ictimaiyyətdə təcavüzə məruz qalan bir ölkə olaraq qəbul edilməsi, həmçinin iqtisadiyyatında əldə olunan yüksəliş Ermənistanı da müəyyən nəticələr çıxarmağa vadar edir.
"Mənim indi deyəcəklərim əksəriyyətiniz üçün qeyri-real və çox qəribə görünə bilər. Mən tam səmimiyyətlə arzu edirəm ki, azərbaycanlı tələbələr də bu məktəbdə təhsil alsın və inanıram ki, bu gün tezliklə gələcək” - deyə Ermənistan prezidenti Serj Sarkisyan bildirib.
Ekspertlərin fikrincə, Serj Sarkisyanın bəyanatı populist xarakterli olsa da, müəyyən dəyişikliklərdən xəbər verir. Politoloq Rasim Musabəyov hesab edir ki, belə vəziyyətdə Ermənistanın mövqeyində yumşalmanın olması qaçılmazdır.
Millət vəkili Rasim Musabəyov sözlərinə görə, hər bir halda elə-belə Azərbaycana ürəyin yanması deyil: “Bu Azərbaycanın gücü və diplomatik fəaliyyətin nəticəsidir. Azərbaycan ordusunun və Azərbaycan iqtisadiyyatının güclənməsini görərək, təbii ki, çalışırlar ki, biraza öz iddalarını qabarıq bir şəkildə ortaya qoymasınlar”.
Rəsmi Bakı Paris görüşünə konkret təkliflərlə gedir. Onların bir qismini xarici işlər naziri Elmar Məmmədyarov artıq açıqlayıb və böyük sülh sazişinin imzalanması üçün hansı işlərin görülməli olduğunu sadalayıb.
Xarici İşlər naziri Elmar Məmmədyarov qeyd edir ki, nəqliyyatla, qoşunların çıxarılması və məcburi köçkünlərin geri qayıtması kimi məsələlər.
Diplomatiya ilə yanaşı Azərbaycan problemin güc yolu ilə həllini daim aktual saxlayır. Son dövrdə keçirilən hərbi təlimlər və təlimlərə ehtiyatda olan hərbi qulluqçuların cəlbi, Türkiyə və Azərbaycan hərbi aviasiyasının birgə uçuşları həm də əzələ nümayişidir.
Diqqəti cəlb edən məqam odur ki, Ermənistanın əsas ümid yeri olan Rusiya ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq hazırda çox yüksək səviyyədədir. Bir sözlə, Azərbaycan müharibəyə tam hazırdır və bunu daim nümayiş etdirir.
Mənbə:> ANSPRESS