“Torpaqlarımız alınanadək ağlayacağam”: 23 yaşlı Məcidin hekayəsi - SUMQAYITDAN REPORTAJ – FOTO
Yolumuz Sumqayıtadır. Əvvəllər xatirəmdə zavodlar, fabriklər şəhəri kimi canlanan bu şəhər bu gün "Şəhidlər şəhəri" kimi formalaşıb. Bəli bütöv Azərbaycan üçün Sumqayıt da Aprel döyüşlərində qurbanlar verdi. O igidlər ki, onların hər birisi bir qəhrəmanlıq dastanının baş qəhrəmanıdır.
Mənimsə bu gün bəhs edəcəyim şəhid Aprel döyüşlərinin qəhrəmalarından biri Əbdülməcid Axundovdur. Artıq əvvəlcədən təyin edilmiş vaxtda şəhidin yaşadığı ünvana yollanıram. Evi tam dəqiq tanımasam da, istiqamət barədə məlumatım var. 20 yanvar küçəsi ilə üzü aşağı hərəkət edirəm. Bu zaman 16 saylı orta məktəbin qarşısında bir neçə uşağın dayandığını gördükdə onlardan soruşdum : " Yaxınlıqda şəhidin evi olmalıdır...” Sözümü bitirməmişdim ki, uşaqlar bir ağızdan " Məcidgilin evini soruşur”, dedilər. Bir uşaqsa həmin dəqiqə qürurla qeyd etdi ki, şəhid elə onların bu məktəbində oxuyub. Oradan şəhidin yaşadığı mənzilə çox yaxın məsafə idi. Şəhidin böyük qardaşı Elçin məni qarşılayıb, mənzilə yollandıq. Qapıdan içəri girəndə şəhid anasını ağ saçlarından və qara geyimindən tanıdım. Bu Ana Ceyran xanımdır. Qısa söhbətdən sonra masa arxasında əyləşib şəhidin uşaqlıq illəri ilə söhbətimizə başlayırıq.
Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi vəzifəsində çalışan Ceyran xanım şəhid oğlunun uşaqlıq xatirələrindən danışır...
- Bizdə uşaqlar bir az gec dünyaya gəldi. Bir neçə ildən sonra böyük oğlum Elçin, daha sonra Məcid dünyaya gəldi. Məcid anadan olanda ona rəhmətə getmiş babasının adını qoymaq istədilər. Baxmayaraq ki, Məciddən əvvəl də nəsildə oğlan uşaqları doğulmuşdu. Düzü mən buna razı deyildim. İstəmirdim ki, rəhmətə gedən şəxsin adını övladıma qoyam. Təbbi ki, heçnə edə bilməzdim. Ona Əbdülməcid adını qoydular. Böyüyəndən sonra da adından xoşu gəlmirdi. Elə hey deyirdi ki, şəxsiyyət vəsiqəsi alanda adını dəyişəcək. Onun bütöv adı Əbdülməciddir. Amma biz ona heç vaxt bu formada müraciət etməmişdik. Hamı ona Məcid deyirdi.
Bir dəfə həyətdə oynayanda bir türk kişi uşaqlardan adlarını soruşub. Həmin vaxt Məcid deyib ki, adı Əbdülməciddir. Amma heç vaxt adını sona qədər demirdi. Gördüm ki, qaça-qaça evə gəldi. Başlayır danışmağa : "Ana, həyətdə bir kişi adımızı soruşdu. Mənə dedi ki, sənin adın əsl kişi adıdır. Ana, artıq adımı sevməyə başladım.” Bu hadisədən sonra o adını dəyişmək fikrindən yayındı. İndi danışıram onun uşaqlığı gözümün önündən gəlib keçir. Çox dalaşqan uşaq idi. Özü də xoruz ilindən olduğu üçün çox çılğın idi. Hətta qardaşı ilə də yola getmirdi. Baxçada da qardaşı ilə bir yerdə olub. Müəllimələr deyirdilər ki, bunlar baxçada da dalaşırlar. Ancaq yaddaşı çox güclü idi. Bir dəfə qardaşının ağzından "Tülkü Həccə gedir” şeirini götürmüşdü. Dayanmadan həmin şeiri deyirdi. Güclü yaddaşı var idi.
Ceyran xanım şəhid oğlunun uşaqlığından danışa-danışa sanki xəyala dalıb. Onun dili danışsa da gözləri bir nöqtəyə zillənib. Sanki, bütün bunlar onun gözünün önündən bir lent kimi keçir.
Ceyran ana Məcidin orta məktəbə getməsindən danışır...
- Hərdən özümü danlayıram. Ona görə ki, onu bir il tez məktəbə qoydum. Bəlkə də gec getsəydi, bu gün belə olmazdı. Görünür, qismət belə imiş... Məktəbdə çox nadinc uşaq oldu. Həmişə onun nadincliyinə görə məni çağırırdılar. Məlum olurdu ki, hansısa uşaq bir şüşəni sındırıb. Amma Məcid boynuna götürüb. Soruşurduq ki, niyə belə edirsən? Cavab verirdi ki, istəmir məsələ uzansın. Ona görə öz üzərinə götürürdü. Ancaq dərslərində çox məsuliyyətli idi. Cənazəsi 11 il təhsil aldığı məktəbin önündən keçdi onu məktəb də yola saldı. 11 il məktəbə bu yolla gedib gəldi. İndi isə həmin yoldan özünün əbədi dönüşü olmayan mənzilinə yola salındı.
Uşaqlıqdan hərbiyə marağı böyük idi. Deyirdi ki, hərbçi olacaq. Məcidi futbola, güləşə, musiqiyə qoyduq. Ancaq heç birində özünü tapa bilmədi. Məciddə güclü artisizim var idi. Onu Sumqayıtda olan mərkəzə apardıq. Oraya da getdi-gəldi. Ancaq oradan da bir nəticə olmadı. Məcid daha çox tarixi sevirdi. Çox oxuyurdu tariximizi. Amma mən onu I qrupa hazırlaşmağa istiqamətləndirdim. İstəyirdim dəqiq fənnlər üzrə bir ixtisasın sahibi olsun.
Söhbətin bu anında otağa bir qız daxil olur. Baxışlarından hiss edirəm ki, onun da Məcid haqqında nəsə deyəcəkləri var. Bu xanım şəhidin əmisi qızı İlhamə xanımdır. İlhamə xanım Məcidin uşaqlığından danışır...
- Məcid haqqında keçmişdə danışmaq mənə çətindir. Onun yoxluq yükünü çəkmək ağırdır. Yadımdadır ki, onun məktəb çantasını mən almışdım. Çox istiqanlı uşaq idi. Məcid uşaqların içərisində tam başqa idi.
Feysbukda dostluğumda da var idi. Yeni şəkil qoyan kimi birinci mən şərh yazırdım ki, nəslimizin fəxrisən. Bir dəfə evə gəlib anasına demişdi ki, əmimqızı şəkillərimin altına belə şərhlər yazır. Anası da bunu mənə dedi. Məcidə dedim ki, bir daha sənin şəkillərinin altına şərh yazmaram. O saat deyirdi: "Yox, yox, yaz. Eybi yoxdur.”
Bu gün də həmin sözləri şəhidliyindən sonra yazıram və yazacam. Mənim üçün o ölməyib. Elə bilirəm yenə də xidmətdədir. Nə vaxtsa gələcək.
Qısa fasilədən sonra Ceyran ana sözünə davam edir...
- Artıq məktəbi qurtardıqdan sonra Məcid universitetə sənəd verdi. Birinci ili imtahandan kəsilsə də, 2011- ci ildə yüksək balla Texniki Universitetin Energetika fakültəsinə daxil oldu. Universiteti də yüksək nailiyyətlərlə bitirdi. Tələbə olanda deyirdi ki, əsgərliyə gedib, gələndən sonra oxumaq istəyir. Bu sözü tez-tez deyirdi. Həmin vaxt fikirləşirdim ki, bu əsgər getsə mən necə dözərəm... Amma bu gün onun şəhidliyinə dözürəm. (Red- göz yaşlarını saxlaya bilmir)
Əsgərliyə gedəcəyi günü həsrətlə gözləyirdi. Həmin ərəfədə bütün günü Mübariz İbrahimova və Ramil Səfərova baxırdı. Hərdən deyirdim ki, Məcid arada əyləncəli verilişlərə də bax. Mübarizə baxıb deyirdi : "Buna bax, ana. Necə xoşbəxt ölüm oldu. Gör, prezident belə onun dəfnində iştirak edir. Ata-anası da necə hörmətlə qarşılanır. Mən də olacam belə. Bir də gördün ki, məni də bayrağa büküb gətirirlər.” Həmin vaxt bərk əsəbləşdim. Ağlamağa başladım. Məcid gördü ki, çox pis olmuşam. Gəldi dayandı başımın üstündə. Könlümü almağa başladı. Sən demə həmin gün mənim də alnıma yazılıbmış...
Ana daha sonra oğlu ilə son gəzintisindən danışır...
2015-ci ilin iyul ayının 20-də hərbiyə getməli idi. Biz də işdən hər il kollektiv gəzintiyə gedirdik. Fikirləşdik ki, ayın 19-da gəzintiyə gedək, Məcidi də aparaq. Bu cür də etdik. Rayonlardan birinə kollektivlə yollandıq . Hava da həmin günü çox soyuq oldu. Güclü yağış yağmağa başladı. Həmin vaxt oradan yun ədyal götürüb, ikimiz ona büründük. Dedim bizim belə şəklimizi çəksinlər. Məcid şəklə baxdı və dedi ki, bu şəkli telefonumun əsas şəkli edim və o əsgərlikdən qayıdana kimi çıxarmayım. Bu gün də həmin şəkil telefonumun fon şəkli kimi qalır. Sən demə bu gəzinti bizim son gəzintimiz imiş...Heç ağlıma da gəlməzdi...
Orada yaxşı əyləndikdən sonra geri qayıtdıq. Artıq səhəri gün Məcidi əsgərliyə yola salacaqdıq. Elə bütün gecəni hərbi ilə bağlı danışdı. Məcid elə hey deyirdi : "Allah eləsin cəbhə bölgəsinə düşüm, vuruşum.”
Səhəri gün qayıtdıq. Uşaq sanki əsgərlik üçün uçurdu. Gedib "ASAN Xidmət” dən diplomunu almaq üçün etibarnamə aldı. Diplomunu almaq təsadüfən onun doğum gününə düşdü. Həmin gün diplomunu aldım özünü də telefonla təbrik etdim və ona diplomunu hədiyyə etdiyimi bildirdim. Çox sevinmişdi. Amma o diplomdan istifadə etmək ona qismət olmadı...
Söhbətin bu anında söhbətə şəhidin özündən bir yaş böyük qardaşı Elçin qoşulur. O qardaşı ilə uşaqlığından danışır.
- Bu anda qardaşım haqqında danışmaq həqiqətən çətindir. Özü də onun haqqında keçmiş zamanda fikir söyləmək. Biz hər zaman bir yerdə olardıq. Uşaqlığımız bir-birimizlə davayla keçsə də böyüyəndən sonra qardaş olduğumuzu anlamışdıq. Məcid məndən balaca olduğu üçün bir qədər ərköyün və davakar idi. Hər zaman xatirəmdə əziz qardaşım olaraq qalacaq. Bu gün baş verənlər sanki bir yuxudur. Baş verənlər sanki bir anında içərisində oldu. Ona görə də hadisələri həzm etmək bir qədər çətindir.
Məcid əvvəlcə Gəncədə hərbi hissələrin birinə düşmüşdü. Orada 3 ay qaldıqdan sonra Tərtərdə yerləşən ön cəbhəyə göndərildi. Bu artıq onun şəhidlik yolunun ilk addımlığı idi...
Tərtərin adını eşidən ana danışmağa başlayır...
- O, Tərtərin adını eşidəndə ayaqlarım tutuldu. Çünki, orada vəziyyətin necə olduğunu bilirdik. Düşmənlə üz-üzə hərbi hissə idi. Eşidəndəki Tərtərə düşüb. Məcidə zəng etdim. Soruşdum vəziyyətin necədir? Deyirdi hər şey yaxşıdır. Amma ürəyim hər an səksəkədə idi. Sanki, ürəyimə nələrsə gəlirdi. Dekabrda Məcid çavuş rütbəsi almaq üçün kursa gedirdi. Bundan sonra ona yanvar ayında manqa komandirliyi verildi. Onda əsl hərbçi forması var idi. Hələ tələbə olanda deyirdi ki, hərbiyə zabit kimi getmək istəyir . Amma mən buna icazə vermədim. Ona mane olsam da bunun qarşısını ala bilmədim...
Ana şəhid oğlu ilə son məzuniyyətindən və görüşündən danışır...
- Yanvarda Məcid məzuniyyətə gəldi. Onu tanımadım. Sanki, boyu da uzanmışdı. Enlikürək olmuşdu. Əsl hərbçi formasında idi. 10 gün məzuniyyəti oldu. Ancaq balamı doyunca görə bilmədim. Çünki, işə gedirdim. Evə qayıdan da Məcid dostları ilə görüşdə olurdu. Heç şəkil çəkdirməyə də icazə vermədi. Bir dəfə dostları ilə yemek yeyəndə qəfildən şəklini çəkdim. Bu Məcidin evimizdə sonuncu fotosu oldu. Beləcə 10 gün tamam oldu. Yenidən hərbi hissəyə qayıtdı. Qarşıdan Novruz bayramı gəlirdi. Həmin ərəfədə çox az danışdıq. Novruz bayramı münasibəti ilə onunla görüşə getdik. Ayın 13-də hərbi hissədə görüşdük. Bizimlə görüşə bir az gec gəldi. Soruşdum hardaydın? Postdan çıxdığı üçün yatdığını dedi. Həmin vaxtlar da cəbhədə müəyyən gərginliklər olmuşdu. Həmin hadisəni mənə danışanda narahat oldum. Onların qulluq etdiyi hərbi hissə düşmənə yaxın mövqelərdə yerləşirdi. Ona görə ürəyim daim səksəkədə idi.
Bu, bizim Məcidlə sonuncu görüşümüz və söhbətimiz oldu. Həmin vaxt ağlıma belə gəlməzdi ki, belə hadisələr baş verər. Ancaq ürəyimdə narahatlıq var idi. Oradan qayıtdıqdan sonra Novruz bayramı günü Məcid bayramımızı güllələrdən düzəltdiyi foto ilə təbrik etdi. Belə bir təbriki 8 mart bayramında da etmişdi. Telefonda qısaca danışdıq. Sağollaşdıq. Düz 1 həftə əlaqəmiz olmadı. Artıq Aprel ayı gəlirdi. ..
Aprel ayında baş verən hadisələrlə bağlı qardaşı Elçin danışır...
- Aprelin 1-i mənim ad günümdür. Qardaşım zəng edib, məni təbrik etdi. Telefonda ümumi söhbət etdik. Həmin vaxt anamla da qısa danışığı oldu. Anam telefonda ona dedi ki, özünü qorusun. O sanki, harasa tələsirdi. Çox qısa və konkret danışdıq. Saat hardasa 20:00 olardı. Bu bizim onunla son danışığımız oldu. Sən demə həmin gecə orada döyüşlər olacaqmış. Artıq aprelin 2-si idi. Xəbərlərdən eşitdik ki, Tərtər tərəfdə döyüşlər olub. Çox narahat olduq. Artıq şəhid xəbərləri gəlməkdə idi...
Ceyran Ana həmin günü xatırlayır...
- Döyüş xəbərini eşidən kimi Tərtərdə olan tanışımıza zəng etdim. Telefonda kişi mənə dedi: "Nə Tərtər? Tərtər dağılır.” Xəbəri eşidəndə elə bildim dünya başıma uçdu. Narahatlığım daha da artdı. Hər yerə zəng etdik. Ancaq Məcidi gördüm deyən olmadı. Artıq hərbi hissə ilə telefon əlaqəsi də kəsilmişdi. Məciddən xəbər ala bilmədiyim üçün dəli kimi oldum. Aprelin 3-də qonşuluqda olan dostu Surxay bizə gəldi. Dedi ki, Məcid Mingəçevirdədir. Soruşdum ki, orada nə gəzir? Dedi ki, orada təlim keçirlər. Bizim bundan heç xəbərimiz olmayıb. Onunla təlimdə olan əsgərlə çətinliklə də olsa əlaqə saxladıq. O qısaca cavab verdi ki, hazırda döyüşdədilər. Ancaq Məciddən xəbəri yoxdur. Dünyam daha da qaraldı. Hər tərəfdən əlim üzüldü. Artıq şəhid xəbərləri çıxır. Ancaq Məciddən bir dənə xəbər yoxdur.
Elçin qardaşının şəhid olduğu andan danışır...
Saatını qardaşına əmanət edən şəhid...
Şəhidin saatı və əşyaları
Artıq vəziyyət gərginləşəndə dostlarımla qardaşımın arxasınca Tərtərə getdik. Ora çatanda gördük ki, Tərtərdə əsl müharibə gedib. Yollar tamamilə dağılmışdı. Onun olduğu hərbi hissəyə getmək istəsək də bizi oraya buraxmadılar. Dedilər həmin hərbi hissədə olan əsgərlər başqa yerə köçürülüb. Oradan Tərtərin içərisində yerləşən hərbi hissəyə gəldik. Bəlkə Məcid orada ola. Çox axtarsaq da Məcidi tapa bilmədik. Hərbi hissənin qarşısında dayandığım an bir kapitan gəldi. Əlində saat, pul və telefon nömrəsi gətirdi. Dedi bunu Məcid verib. Deyib ki, qardaşıma verərsiniz. Həmin anda ürəyimə gəldi ki, qardaşıma nəsə olub. Bizə dedilər ki, hərbi hospitala gedək. Nə baş verdiyini anlamadım. Sanki dəli olmuşdum. Orada şəhidlərin siyahısını mənə göstərdilər. Amma Məcidin adı yox idi. Daha sonra itkin düşənlərin siyahısına baxanda Məcidin adını orada gördüm. Siyahıda 17 nəfərin adı var idi. Artıq başa düşdüm ki, qardaşım şəhid olub. Ancaq bunu qəbul etmək istəmirdim. Öz-özümə deyirdim ki, qardaşım ölə bilməz. Oradan pərişan halda evə qayıtdım. Bir də ayın 8-də eşitdik ki, Məcid şəhid olub. Həmin vaxt meyitlərin dəyişdirilməsi prosesi həyata keçirilirdi. Artıq axşam idi. Atam meyitin götürülməsi Tərtərə getdi. Morqda Məcidin meyitini görəndən sonra bütün ümidlərimiz qırıldı. Artıq anladım ki, qardaşımı itirmişəm.
Şəhid olarkən əli əsgər yoldaşının ayağında qalmışdı...
Bir yerdə şəhid olan Axundzadə Məcid və Elvin Mirzəyev
Məlum oldu ki, Məcidgil Şotlandı yolunda şəhid olub. Həmin vaxt Məcidgil döyüşdə geri çəkilmək əmri verilib. Məcidlə bir döyüşdə olan əsgər dedi ki, ara qəfildən qarışıb. Məcidin son sözü bu olub: " Deyəsən, məni vurdular. Özünüzü qoruyun”. Daha sonra onun heç nədən xəbəri olmayıb. Sonradan bizə məlum oldu ki, Məcid Xaçmazdan olan bir şəhid Elvin Mirzəyevlə bir yerdə şəhid olub. Onlar hətta bir yerdə döyüşüblər və vurulanda da bir yerdə qalıblar. Elvin Məciddən bir addım qabaqda yerə yıxılıb, Məcidsə arxada. Həmin anda ağır yaralanan Elvin şəhid olub. Məcid də ağır yaralı olub. Dünyasını dəyişərkən Məcidin əli Elvinin ayağından tutmuş halda olub. Məcidlə Elvin Mirzəyev Universitetdə bir potok yoldaşı, əsgərlikdə də bir yerdə xidmət ediblər, bir yerdə döyüşüblər və bir yerdə də şəhid olublar. Bir gündə də dəfn olunublar. Məcid orada xüsusi qəhrəmanlıq göstərib. Neçə-neçə yaralının daşınmasında yardım edib. Hətta onlara geri çəkil əmri veriləndə Məcid əsgər yoldaşlarını qoruyurmuş ki, onlara bir şey olmasın. Bunu onunla bir döyüşdə olan əsgərlər deyir.
Qardaşım çoxlu yara almışdı. Böyrəyinin üstündən yaraları var idi. Ayaqları, qolları və boynunda güllə yarası ilə dolu idi. Qardaşım qanaxmadan şəhid olub. Gerisi isə hamıya aydındır. Qardaşım xalqın çiynində son məzara getdi.
Bayaqdan susqunluqla danışıqları izləyən Ceyran Ana sükutu pozur. O bu gün şəhid ailəsinə olan münasibətdən danışır...
Şəhidin izdihamlı dəfnindən görüntü.
- Məcid şəhid olduqdan sonra saysız-hesabsız dəstəklər gəldi. Bütün sadə insanlar dəstək olduqlarını bildirirlər. İnanın ki, bizə gələn şəxslərin heç birini tanımırıq. Daha çox gənclər dəstək olurlar. Təkcə Azərbaycanda deyil, xarici ölkələrdən də dəstək var. Bu yaxınlarda Türkiyədə gənclər Məcidə Milli Qəhrəman adı verilməsi üçün bir yürüş keçirəcəklər. Mənim əlimdə olsaydı bütün şəhidlərə o adı verərəm. Çünki, həmin alınan o torpaqlarda şəhidlərin qanı var. O torpaq şəhid qanı ilə sulanıb. Bunu sadə insanlar yaxşı başa düşür. Elə bu yaxınlarda Gənc Mühəndislər Cəmiyyəti İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə Məcidin adına mükafat təsis olundu. "Şəhid gənc mühəndis Əbdülməcid Axundov” mükafatı hər il oğlumun doğum günü ərəfəsində təhsil və ictimai fəaliyyətdə fərqlənən gənclərə təqdim ediləcək. Belə insanları görəndə fərəhlənirəm. Bundan əlavə Məcid hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif edilib.
Bu gün sadə insanlardan çox razıyam. Aprel döyüşlərində çoxdan ölmüş olan ruh yüksəkliyi yenidən yarandı. Bütün xalq ayaqda idi. Mən bir şəhid anası kimi bu gün əmr verilsə, oğlumun qanını almağa hazıram. Mənim kimi gör nə qədər analar var. O anaların da arxasında nə qədər oğullar var. Onlar ayağa qalxsa qarşısında erməni dayana bilərmi? Mən bunu görmüş bir şəhid anası kimi deyirəm. Bu gün bir sözüm var.
Torpaqlarımız alınanadək ağlayacağam. Yox əgər torpaqlar yenə tapqdaq altında qalsa, onda heyif mənim balamdan. Məcidin qəbrinin üzərində buna and içmişəm. Əgər 24 ildə alınmayan torpaqlardan bir hissəni bizim oğullar alıbsa, bunun davamı olmalıdır. Mən şəhid anası kimi müharibənin davamını istəyirəm. Çünki, bu məsələ qalsa, nəsillər daha çox qurbanlar verəcək...İstəmirəm qurbanlarımızın sayı çoxalsın. Bu yara mənə dəyib. Qoy, başqa anaya dəyməsin.
Söhbətin bu zamanında Anaya "erməni analarına nə sözünüz var?” sualı ilə müraciət edirəm...
Bir cavab verim. Ana elə anadır. Əgər erməni anaları övladlarını sevirsə, bu əməldən əl çəkməlidirlər. Əgər onlar bu əməllərindən əl çəkmirsə onları lənətləyirəm. Axı onlar başa düşmürlər ki, özgə torpaqları üçün ölürlər? Biz bilirik ki, övladımız öz torpağımız üçün qurban gedir. Bəs onlar?
Ceyran xanım Aprel ayına nifrətindən və sevgisindən danışır...
- Aprel ayı həyatımın ən acı ayı oldu. Düzdür bu ayda oğullarımızın qanı bahasına müəyyən ərazilər azad edildi. Ancaq öz-özümə sual verirəm ki, bu ayı sevim ya nifrət edim? Bu suala cavab verməyə də çətinlik çəkirəm. Övlad itkisi də vermişəm, torpaq da almışıq. Ancaq torpaqlarımız tam alınsaydı sevə bilərdim bu Apreli. Bu gün hələki nifrət edirəm. Mən şəhid anası kimi müharibə istəyirəm. İnanmıram erməni özxoşuna oradan çıxa. Biz birdəfəlik qan töküb, torpaqlarımızı almalıyıq.
Mənim üçün aprel ayı çox çətin olacaq. Ona görə ki 1-də bir oğlum anadan olub, 2-də digəri dünyadan köçüb.
Şəhid Anasının son sözü və arzusu...
Bu gün oğul itkisi vermiş bir Ana kimi yeganə təsəllim və istəyim oğlumu və digər şəhidləri Milli Qəhrəman adında görməkdir. Çünki, onlar qanları ilə tarix yazıblar. Təsəvvür edin ki, Azərbaycan ordusu 24 il davam edən susqunluğu 1 gündə pozdu .1 saatın içərisində bu qədər əraziləri tutmaq və azad etmək qəhrəmanlıq deyilmi? Ona görə də onları qiymətləndirmək lazımdır. Oğlumu Milli Qəhrəman adında görsəm rahatlıq taparam.
Bu da Aprelin qəhrəmanlıq dastanın daha bir qəhrəmanı 23 yaşlı Axundov Əbdülməcid Nadirşah oğlunun həyat yolu və şəhidlik zirvəsinin sonu. Ancaq bu cismani ölüm onun həyatının sonu deyil. Çünki, şəhidlər ölməzdir. Təki, Vətən sağolsun! Məcidlər də rahat uyusun!
Mənbə:> Femida.az