İŞİD-in beli qırılacaq
Anti-İŞİD koalisiyası terrorçu qruplaşmanın nəzarəti altına olan neft mədənləri və zavodlarını hədəfə almağa başlayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Pentaqon açıqlama yayıb. Bildirilir ki, neft zavodları hazırda qruplaşmanın əsas gəlir mənbələrindən biridir.
Pentaqon məhz bununla əlaqədar İŞİD-in bu cür strateji mövqelərini dağıdacağını məruzə edib. Amerika hərbi hava qüvvələrinə məxsus qırıcılar son 24 saat ərzində İŞİD-in 15-dən çox mövqeyinə aviazərbələr endirib.
Hərbi hava əməliyyatları Suriyanın Kobani şəhəri üzərində baş tutub. Aviazərbələr nəticəsində şəhərdə güclü partlayışlar baş verib.
Şəhərin müdafiəsinə dair ziddiyyətli xəbərlər yayılıb. İŞİD silahlıları şəhərin əksər hissəsində nəzarəti ələ aldıqlarını bəyan etsələr də, Peşmərgə kürd qüvvələri hücumların dəf edildiyini iddia edirlər.
Döyüşlər zamanı qonşu Türkiyənin Şanlıurfa vilayəti növbəti dəfə top mərmisin hədəfinə tuş gəlib. Məlumata görə, koalisiya qırıcılarının Kobani üzərində əməliyyatlar keçirməsinə də məhz bu səbəb olub.
Döyüşlər nəticəsində “kabus şəhər”ə çevrilən Kobaninin 60 min sakinindən indi 700-ə yaxını qalıb. Şəhər sakinləri zorakılıqlardan qaçaraq, əsasən, Türkiyəyə sığınıb.
Türkiyədə tələbələr növbəti dəfə Kobaniyə dəstək aksiyası keçiriblər. İstanbul şəhərində baş tutan aksiyaya 5 mindən çox tələbə qatılıb. Fəallar “Kobani süqut edərsə, İstanbul da süqut edər” şüarları ilə yürüşlər ediblər.
“Yeni faşizm ünsürlərinə qarşı mübarizədə Kobaniyə dəstək olmaq üçün burada toplaşmışıq. Biz küçələri boş qoymayacağıq” - deyə etirazçılardan biri qeyd edib.
Oxşar etiraz aksiyaları Fransanın paytaxtı Parisdə də baş tutub. Kürd əsilli vətəndaşlar anti-İŞİD koalisiyasını Kobaniyə təkcə havadan deyil, qurudan da silah dəstəyi olmağa çağırıblar.
Mənbə:> ANSPRESS