"İŞİD"dən qaçan suriyalılar Türkiyəyə gəlir
Türkiyə-Suriya sərhədində gərginlik davam edir. Türkiyənin sərhəddə yerləşən Şanlıurfa vilayətinin Suruç rayonu ilə üzbəüz mövqedə İŞİD döyüşçüləri ilə Peşmərgə kürd qüvvələri arasında döyüşlər dünən gecədən etibarən daha da şiddətlənib. Döyüşlərdən qaçan Suriya vətəndaşları Şanlıurfanın Suruç rayonundan Türkiyə ərazisinə daxil olmağa çalışırlar. Qaçan suriyalıların Türkiyəyə girişinə hələ ki, icazə verilmir. Sərhədə toplaşan Şanlıurfa kürdləri isə gələn suriyalıların Türkiyə ərazisinə buraxılmasını gözləyirlər. Türkiyə-Suriya sərhədində hərəkətlilik davam edir, təhlükəsizlik tədbirləri də gücləndirilib.
Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycana səfərindən qabaq Əsənboğa hava limanında jurnalistlərə açıqlamasında da Suriya ilə sərhəddəki gərginliyə toxunub.
"Suriya və İraqdakı vəziyyətlə əlaqədar ölkəmizə pənah gətirən qardaşlarımıza qucağımızı, ürəyimizi açmışıq. Sərhəd ərazilərdəki vilayətlərin valilərinə göstəriş də vermişik. İlk hədəfimiz bu qardaşlarımıza olduqları yerdə yardım edə bilmək üçün sərhəddə yardım işlərini həyata keçirməkdir", - Əhməd Davudoğlu belə deyib.
Mənbə:> ANSPRESS