"Ohanyan xətti cəmi 18 dəqiqəyə yarıldı..." – VİDEO
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov 2016-cı ilin 4 günlük aprel müharibəsinin 3-cü ildönümündə AzTV-yə geniş müsahibə verib.
Virtualaz.org xəbər verir ki, nazir həmin döyüşlərdə Azərbaycan ordusunun 20 faizlik hissəsinin Ermənistan ordusunu darmadağın etdiyini deyib. Onun bildirdiyinə görə, ermənilərin illərdir möhkəmləndirdikləri müdafiə xətti ("Ohanyan xətti") bəzilərinin dedikləri kimi 40 dəqiqəyə, yaxud 2 saata deyil, cəmi 18 dəqiqəyə yarılıb. "18 dəqiqədən sonra düşmən başa düşdü ki, vəziyyət dəyişib və qaçmağa başladı"-Zakir Həsənov bildirib.
“Biz əks hücuma keçdik, ancaq itkilərimiz ondan 3 dəfə az oldu. Hər bir şəhidimiz bizim üçün əzizdir. Amma ayrı yolumuz yoxdur, gərək biz Vətənimizi müdafiə edək. Döyüşlər hərbi baxımdan çətin vəziyyətdə keçdi. Gecə, dağlarda, düşmənlə birbaşa təmasdan əks hücuma keçmişdik. Ordumuz yüksək döyüşkənlik bacarığı nümayiş etdirdi. Yaralı zabitlərimiz döyüşdən çıxmırdılar. Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu 3 gündə darmadağın etdi. Onlarda güc də yoxdur. Bir istiqamətdə hücum etmək istədilər və nəticəsi olmadı. Azərbaycanın 1 tankı minaya düşdü, sonra onu bərpa etdik, Ermənistan isə 30 tank itirdi. Bizdə top itkisi 1, ermənilərdə 15 oldu, 300-dən çox şəxsi heyət öldü. Aprel döyüşlərinin nəticəsi Ermənistan üçün faciəvi oldu. Onlar bütün siyasətləri Qarabağla bağlı milləti aldatmaqdan ibarət idi. Guya müdafiə xətti qurublar. Azərbaycan ordusu 18 dəqiqə ərzində bu xəttə yarmışdı. 18 dəqiqdən sonra onlar qaçmağa başladılar”-nazir müsahibəsində deyib.
Z.Həsənov bildirib ki, döyüşlər başlayanda o, cəbhənin Lələtəpə istiqamətində idi və qərargahdan döyüşü idarə edirdi.
Müdafiə nazirinin müsahibəsinin videoyazısını təqdim edirik:
Mənbə:> Virtualaz.org