Yenə 2 aprel: Azərbaycan ordusunun artilleriya hazırlığı, bu dəfə poliqonda – VİDEO + FOTO
Ermənistan ordusunun Qarabağda illərdir möhkəmləndirilmiş müdafiə xəttinin (“Ohanyan xətti”) cəmi 40 dəqiqə ərzində darmadağın edilməsi və minlərlə hektar ərazimizin işğaldan azad olunması ilə nəticələnmiş 2016-cı ilin aprel döyüşlərinin ildönümündə Müdafiə Nazirliyi ordumuzun yeni artilleriya hazırlığı barədə raport verib.
Virtualaz.org xəbər verir ki, nazirliyin yaydığı məlumata əsasən müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin və bölmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə cəbhə bölgəsində keçirilən təlimlərində döyüş atışları icra olunub. Şəxsi heyət qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.
Qeyd edək ki, raket və artilleriya birləşmələrinin poliqonlardan birində keçirilən döyüş atışlı təlimi Azərbaycan ordusunun 25 minlik canlı qüvvə və minlərlə texnikanın iştirakı ilə keçirilən, 5 gün davam edən irimiqyaslı hərbi təlimlərinin ardınca başlayıb. Həmin təlimlər düşmən ölkədə ciddi narahatlıq və təşvişlə izlənmişdi.
Müdafiə Nazirliyinin yaydığı görüntülərə əsasən raket və artilleriya birləşmələri müxtəlif tipli silah sistemlərindən istifadə etməklə düşmən mövqelərinə qarşı hücumqabağı artilleriya hazırlığını məşq ediblər. 2016-cı ilin aprelində baş vermiş hadisələr gözlənilməzlik effektini azaltdığı üçün həmin vaxtdan bəri Azərbaycan ordusu təlimlərdə düşmən mövqelərinə sarsıdıcı, bir neçə mərhələdən ibarət və irimiqyaslı zərbələri məşq edir. Hansı ki, eyni vaxtda çoxsaylı silah sistemlərinin tətbiq olunduğu bu zərbələrin ardınca tank birləşmələrinin dəstəyi ilə hücum əməliyyatları başlamalıdır.
Qeyd edək ki, 2016-cı il aprelin 2-də xüsusən cəbhənin cənub istiqamətində Azərbaycan ordusunun bölmələri əks-hücuma başlamazdan əvvəl çox şiddətli, düşməni sarsıdan artilleriya hazırlığı həyata keçirmişdi. Həmin vaxt erməni ordusunun hərbi hissələrindən birinin siyasi işlər üzrə komandir müavini Rusiya KİV-lərinə demişdi ki, baş verənlər sanki "300 spartalı" filmini xatırladırdı, mərmilər, raketlər onların mövqelərinə dolu kimi yağırdı...
Mənbə:> Virtualaz.org