G7-nin “Rusiya qərarı”na az qalıb
ABŞ prezidenti Barak Obama bu gün Böyük Yeddiliyin ikigünlük görüşündə iştirak etmək üçün Almaniyaya yola düşür.
ANS PRESS-in məlumatına görə, müzakirələrin gündəliyində Ukrayna böhranı və Rusiyanın Ukraynadakı hərbi əməliyyatları yer alır.
ABŞ-ın müdafiə rəsmiləri və diplomatları dünən Almaniyanın Stuttqart şəhərində bir araya gələrək, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına cavab yollarını müzakirə edib. Müzakirələrin diqqət mərkəzində Avropa İttifaqı və ABŞ-ın Rusiyaya qarşı iqtisadi sanksiyalarının effektivliyi və NATO-nun Rusiya ilə bağlı strategiyası məsələləri olub.
ABŞ-ın müdafiə naziri Eşton Karter deyib ki, prezident Vladimir Putinin əməlləri Rusiyanın geriləməsinə səbəb olur. Nazir dünyanın irəlilədiyi bir zamanda Rusiyanın təkləndiyini bildirib. BMT Ukrayna böhranının həlli üçün tərəfləri ilin əvvəlində əldə edilən atəşkəsin şərtlərinə əməl etməyə çağırır. Avropa İttifaqı ilin sonunda Rusiya qarşı sanksiyaların davam etdirilməsi ilə bağlı səsvermə keçirəcək.
Qeyd edək ki, 1998-ci ildən Böyük Səkkizliyə üzv olan Rusiya ötən il Ukraynadakı əməliyyatlara görə qurumdan xaric edilib.
Mənbə:> ANSPRESS