Rusiyanın cavabı Almaniyanın xoşuna gəlmədi
"Rusiyanın Avropa İttifaqının 89 rəsmisinin səfərinə qadağa qoyması Ukraynada sülh səylərinə mane olur."
ANS PRESS-in məlumatına görə, bu sözləri Ukraynanın şərqində Dnepropetrovska səfər edən Almaniya Xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.
Ştaynmayer qadağanı tənqid edərək, Rusiya rəsmilərini daha şəffaf olmağa çağırıb. Onun sözlərinə görə, bu, Avropanın mərkəzində belə təhlükəli münaqişənin həllinə heç cür kömək etmir.
Qeyd edək ki, Rusiyanın qadağa tətbiq etdiyi rəsmilərin siyahısı cümə axşamı günü açıqlanıb. Buraya Rusiya prezidenti Vladimir Putini Krımın işğalı və Ukraynanın şərqində zorakılıqlara görə tənqid etmiş hazırkı və keçmiş parlament üzvləri, baş nazirlər və nazirlər daxildir. Xəbər agentliklərinin bildirdiyinə görə, Avropanın yüksək səviyyəli bir neçə rəsmisi Rusiyanın "qara siyahısı"na daxil edildiklərini qürur hissi ilə qarşıladıqlarını deyiblər.
Xatırladaq ki, Rusiyanın 2014-cü ilin martında Krımı işğal etməsindən sonra Avropa İttifaqı Rusiya və Ukraynada ayrı-ayrı şəxslər və təşkilatlara qarşı iqtisadi sanksiyalar tətbiq edib, onlara viza verilməsini qadağan edib və hesablarını dondurub.
Mənbə:> ANSPRESS