ABŞ Rusiya ilə bağlı hərbi planını açıqladı
"Şərqi Avropa ölkələri ilə birgə hərbi təlimlərin sayı artırılmalıdır, ABŞ onların ordusunun peşəkar hazırlığına daha yaxından yardım etməlidir. Bundan başqa, NATO üzvü olan ölkələr arasında kəşfiyyat məlumatlarının daha fəal mübadiləsi aparılmalıdır".
ANS PRESS-in məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib.
O, Avropadakı ABŞ səfirlərinin və yüksək komandanlıq təmsilçilərinin iştirakı ilə keçirilən toplantıda Rusiyanın təcavüzkar davranışına cavab olaraq atılası zəruri addımlardan danışıb. Onun sözlərinə görə, Rusiya şirkətlərinə və vətəndaşlarına qarşı sanksiyalar hələlik Kremli öz strategiyasını dəyişməyə məcbur etməyib. Buna görə də, Rusiyanın başqa ölkələri dağıtmaq üçün Ukraynada sınaqdan çıxardığı cəhdlərinin qabaqlamaq üçün uzunmüddətli müqavimət strategiyasına ehtiyac var.
Pentaqon rəhbəri diqqətə çatdırıb ki, indiki anda Rusiya prezidentinin kursu dəyişmədiyi üçün başqa yola əl atılmalıdır.
E.Karter Rusiyanın Ukraynaya qarşı kombinasiyasını dağıdıcı fəaliyyət adlandırıb: "Bu taktika başqa ölkələrdə də istifadə edilə bilərmi və bizi narahat edirmi? Sözsüz. Bu, bütün NATO üzvü ölkələrini narahat edir".
Xatırladaq ki, Avropada ABŞ komandanlığının Ştutqartda yerləşən qərargahında keçirilən toplantıda Amerika müttəfiqlərinin təhlükəsizliyinin təminatı yönündə müxtəlif yollar müzakirə edilsə də, konkret qərar qəbul olunmayıb.
Mənbə:> ANSPRESS