Rusiya məsələsi bağlı qapılarda müzakirə olunacaq
ABŞ və Avropanın müdafiə rəsmiləri və diplomatları sabah Almaniyanın Stuttqart şəhərində bir araya gələrək, Rusiyanın Ukraynadakı hərbi əmliyyatlarına cavab yollarını müzakirə edəcək.
ANS PRESS-in məlumatına görə, ABŞ-ın müdafiə naziri Eşton Karter Amerikanın Avropadakı Komanda Mərkəzində generallar, səfirlər və digər rəsmilərlə bağlı qapılar arxasında görüş keçirməlidir. Müzakirələrin diqqət mərkəzində Avropa İttifaqı və ABŞ-ın Rusiyaya qarşı iqtisadi sanksiyalarının effektivliyi və NATO-nun Rusiya ilə bağlı strategiyası diqqət mərkəzində olacaq. Pentaqonun sözçüsü Stiv Uorrenin bildirdiyinə görə, danışıqlar Rusiyaın əməllərinin Avropa tərəfdaşlarına təsirinin müzakirəsinə imkan yaradacaq.
Ağ Evin sözçüsü Coş Ernets isə deyib ki, prezident Barak Obama Böyük Yeddiliyin Almaniyada keçiriləcək sammitində dünya liderləri ilə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinə dair müzakirələr aparacaq. Sözçü hazırki iqtisadi sanksiyaların Rusiyanın dövlət başçısı Vladimir Putinin strategiyasına dəyişiklik gətirmədiyini bildirib.
Qərb müttəfiqləri Rusiya nümayəndələrinin hesablarının dondurulması ilə yanaşı, onlara qarşı səyahət qadağaları tətbiq edib. ABŞ isə NATO-ya üzv Şərqi Avropa ölkələri ilə hərbi təlimlərə qoşulub. Bu ölkə Avropa tərəfdaşlarına dəstək məqsədi ilə 1 milyard dollarlıq vəsait ayırıb.
Mənbə:> ANSPRESS