Putin danışıqlara çağırdı
Avropa İttifaqı Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı yeni sanksiyaların hazırlandığını elan etməsinin ardınca Vladimir Putin Şərqi Ukrayna dövlətçiliyinin müzakirəsi üçün danışıqlara səsləyib.
ANS PRESS-in məlumatına görə, Rusiya prezidenti Rusiyanın 1-ci kanalına müsahibəsində Ukraynadakı vəziyyətin dinc danışıqlar yolu ilə həll edilməsinin mümkünlüyünü açıqlayıb.
Vladimir Putin deyib ki, danışıqlar aparılmazsa böhranın nə vaxt sona çatacağını proqnoz etmək mümkün deyil.
Vladimir Putinin sözlərinə görə qeyd etdiyi planı prezident Petro Poroşenko ilə müzakirə edib. Qeyd edək ki, Ukrayna və Rusiya prezidentləri 26 avqustda Belarus paytaxtı Minskdə görüşüblər.
Rusiya prezidenti Avropa İttifaqının yeni sanksiyalar barədə xəbərdarlığını rədd edərək, Brüsseli Ukraynada hərbi çevrilşi dəstəkləməkdə qınayıb.
"Bu, hamımız üçün yaxşı bir dərsdir. Ukraynada hakimiyyəti zor gücü ilə ələ keçirən zaman yol verilən səhvləri heç kim və heç bir vaxt təkrar etməsin. Baş verənlərin əsas səbəbi budur" - deyə Rusiya prezidenti bildirib.
Şənbə günü Brüsseldə keçən sammitdə Avropa İttifaqının nümayəndələri Ukraynakı böhranının dərinləşməsilə bağlı bir həftə ərzində Rusiyaya qarşı yeni sanksiyaların hazırlanacağını bəyan ediblər.
Sammitə qatılan Ukrayna lideri Petro Poroşenko deyib ki, Rusiya qüvvələrinin birbaşa müdaxiləsinə görə kəskinləşən münaqişə son həddə çatıb.
Mənbə:> ANSPRESS