Müsavatın dəfn günü
“Müsavat başqanı Arif Hacılının partiya adından Avropa Oyunlarına qarşı çıxması partiya nizamnaməsinin pozuntusudur”.
Bunu ANS PRESS-ə verdiyi açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Dünən keçirdiyi mətbuat konfransında Arif Hacılı bu gün keçirilən iqtidar - müxalifət görüşünə getməyəcəklərini bildirmişdi. Arif Hacılı siyasi məhsuslar azad olmazsa, Avropa Oyunlarını boykot edəcəklərini vurğulamışdı.
“Partiyanın adından belə bir qərarın çıxarılması çətin məsələdir. Yalnız Məclis belə qərar çıxara bilər. Məclisdə isə 125-dən çox adam təmsil olunub və boykot qərarının əldə edilməsi üçün ən azı səs çoxluğuna nail olmaq lazımdır”, - deyə Qabil Hüseynli vurğulayıb.
Politoloqun fikrincə, partiya rəhbərliyi Avropa Oyunlarının boykot edilməsi ilə bağlı qərara nail olmaq üçün ciddi əsaslar irəli sürməlidir: “Avropa Oyunlarının keçirilməsi Azərbaycan üçün milli qürur məsələsidir. Ölkəmiz ilk dəfədir ki, belə bir mötəbər tədbirə ev sahibliyi edir. Bütün dünya mətbuatı Azərbaycandan yazacaq və ölkəmiz tanınacaq”.
Yəni səs çoxluğunu əldə etmək üçün Avropa Oyunlarının zərərli olduğunu sübut etmək lazımdır ki, bu da çox çətindir. Çəkilən xərclərə baxmayaraq, Avropa Oyunlarının çox müsbət sosial nəticələri var. İlk öncə, Bakının iki böyük ekoloji fəlakət zonasının - Böyük Şor gölünün ətrafının və 20-ci sahənin reablitasiyası aparılıb. Böyük Şor gölünün radiasiyalı sularının ətrafında tələm-tələsik tikilmiş gecəqondular sökülərək sahiblərinin normal məhəllələrdə ev sahibi olmasına dəstək verilib. Avropa Oyunlarına hazırlıq çərçivəsində şəhər infrastrukturunun inkişafı da aparılır ki, bu sadə insanların rifahına müsbət təsir göstərir.
Yəni seçici səsini əldə etməyə çalışan bir partiya bu cür layihəni açıq-aydın tərfiləməsə də, barəsində sadəcə susmağa üstünlük verər. Amma Müsavat başqanı tam tərsinə addımlar atır. Səbəb nədir?
Qabil Hüseynlinin fikrincə, Arif Hacılı sadəcə partiyanın fəaliyyət göstərdiyini sübut etmək üçün bu cür sensasiyalı açıqlamalar verir.
Əslində, yeni başqanın bu cür sistemiz fəaliyyəti Avropa liberalizmini əsas xətt götürmüş partiyanın strateji istiqamətlərinə uyğun gəlmir. Əksər ekspertlər bu fikirdədir ki, Arif Hacılı bu bəyanatı ilə partiyanın Qərb dəyərlərinə yanaşmasının səbatsız olduğunu göstərir. Bu yanaşma 2012-ci ildə Bakıda keçirilmiş “Eurovision” mahnı yarışmasında da nümayiş etdirilmişdi və həmin vaxt uğursuz nəticələnmişdi. Azərbaycan toplumu bu müxalifət parityasının Avropa mahnı yarışmasını boykot etməklə bağlı çağırışına qoşulmamışdı. Yəni müxalifət həmin vaxt səsləndirdiyi etiraz səslərini kütləvi etiraz aksiyasına çevirə bilməmişdi.
Müsavat partiyasnın liderləri istiqamət götürdükləri Qarb tarixini öyrənsələr görərlər ki, uzun müddət maxalifətdə qalmaq heç də partiyanı əsas ideyalarından imtina etdirməməlidir. ABŞ Demokratlar Partiyası yarandıqdan sonra 50 il müxalifətdə olub və yalnız 51-ci il hakimiyətə gələ bilib. Amma həmin illərdə partiya əsas xəttindən heç zaman imtina etməmişdi.
Bəzi ekspertlər Arif Hacılının 3 il qabaq edilmiş bu səhvi yenidən təkrarlamasını diqqəti cari prolemlərdən yayındırmaq kimi dəyərləndirirlər. Partiya başqanı seçimlərində əsas rəqibi Qubad İbadoğlundan cəmi 28 səslə irəlidə olan (228 : 200) Arif Hacılı partiyada sabitliyi təmin edə bilmədi və parçalanmaya səbəb oldu. Hərəkatdan gəlmiş bir çox siyasətçilər Müsavatı tərk etdi.
Əslində, bu gün keçirilən iqtidar - müxalifət görüşlərindən imtina etməsi də Müsavatın ana müxalifət partiyası mövqeyini zədələməyə başlayır... Əgər Müsavat bu cür səbatsız addımlarını davam etdirərsə, Azərbaycanın milli fikri bu partiyanı da tarixə gömməyə məcbur olacaq.
Mənbə:> Virtualaz.org